www.science.az
15.07.2016 19:46

“Elmi təbliğ edək!” devizi altında Yay məktəbi keçirilib

İyulun 15-də AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Science Activity-2016” adlı yay məktəbi təşkil olunub.

Milli Mətbuat günü münasibətilə jurnalistlər üçün “Elmi təbliğ edək!” devizi altında keçirilən yay məktəbinin təşkilatçısı AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsidir (İƏEPİ).

Ölkənin tanınmış media orqanlarından nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə İƏEPİ-nin rəisi  Zülfüqar Fərzəliyev açıb. O, Azərbaycan mətbuatının şərəfli tarixindən, bu sahəyə göstərilən davamlı dövlət qayğısından danışıb. Qeyd edib ki, Azərbaycan jurnalistikası müasir səviyyəsinə gəlib çatana kimi keşməkeşli yollardan, çətin sınaqlardan keçmişdir. AMEA və Azərbaycan elminin sürətli inkişafından söz açan natiq  bidirib ki, son dövrlərdə akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, mühüm elmi nailiyyətlərin əldə edilməsinə zəmin yaratmışdır.

AMEA-nın ölkə mətbuatının fəaliyyətinə yüksək qiymət verdiyini deyən Z.Fərzəliyev media ilə geniş əməkdaşlıq əlaqələrinin, faydalı işgüzar münasibətlərin əsasının qoyulduğunu diqqətə çatdırıb. Akademiyada elmin təbliği istiqamətində aparılan işlərdə jurnalistlərin fəal iştirak etdiyini xüsusi vurğulayıb.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası haqqında tədbir iştirakçılarına məlumat verib. N.Cəlilov media nümayəndələri, AMEA və alimlər arasındakı münasibətlərin əhəmiyyətini vurğularaq qeyd edib ki, Akademiyanın gələcək fəaliyyətinin daha səmərəli təşkili və sürətli inkişafa nail olmaq üçün kadr hazırlığı sahəsinə xüsusi diqqət göstərilməlidir.

Sonra İƏEPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanov Yay məktəbi layihəsinin əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, layihənin təşkilində məqsəd AMEA-da elmin kütləvi təbliği istiqamətində səmərəliliyin artırılması, eyni zamanda Akademiya ilə jurnalistlər arasında əməkdaşlığın möhkəmləndirilməsidir. Sonda şöbə rəisi Akademiyada elmin populyarlaşdırılması siyasətinin icrası istiqamətində İƏEPİ-nin tərkibinə daxil olan şöbələrin fəaliyyəti haqqında təqdimat nümayiş etdirib.

Tədbirdə digər çıxış edənlər də layihənin əhəmiyyətini vurğulayaraq, bu kimi tədbirlərin mütəmadi olaraq təşkilinin zəruriliyini önə çəkiblər, iştirakçılara isə  uğurlar arzulayıblar.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonra Yay məktəbi çərçivəsində AzTV-nin İctimai-siyasi və xarici xəbərlər studiyasının direktoru, Bakı Slavyan Universitetinin dosenti Rövşən Məmmədov iştirakçılara jurnalistikanın nəzəri və praktiki məsələlərinə dair aktual mövzular üzrə təlim keçib. 

Təlim çərçivəsində Yay məktəbinin iştirakçıları Rəsədxanadakı elmi mərkəzlə də tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.