Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin 65 yaşı tamam olur
15.07.2016 10:02
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin 65 yaşı tamam olur

İyulun 17-də neft-qaz geologiyası və geofizikası sahəsində tanınmış alim, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin 65 yaşı tamam olur.

Rəşid Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1978-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1988-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1974-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda baş mühəndislikdən institutun elmi işlər üzrə direktor müavinliyinə qədər yol keçmişdir. 1995-ci ildən dünyanın ən iri neft şirkətlərindən biri olan BP-də çalışır. 2009-2011-ci illərdə BP Azərbaycan şirkətinin prezidenti, 2011-2012-ci illərdə isə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti kimi çalışmışdır. Bu vəzifələrdə o, BP Azərbaycan şirkətinə rəhbərlik edən ilk Azərbaycan vətəndaşıdır. Hazırda BP-nin London ofisində strategiya və inteqrasiya üzrə baş vitse-prezidentdir.

R.Cavanşirin neft-qaz geologiyası və geofizikası sahəsində əldə etdiyi elmi nailiyyətlərə seysmik kəşfiyyat, quyuların geofiziki tədqiqatları və qazmanın texnoloji göstəricilərinə əsasən geoflüdial təzyiqlərin proqnozlaşdırılmasının və öyrənilməsinin nəzəri əsas və üsullarını inkişaf etdirməsi, çöküntülərin nəzəri sıxılma modelləri, elizion sistemlərdə flüidlərin regional miqrasiyasını qiymətləndirməsi və s. daxildir. Azərbaycanın neft-qaz yataqlarında onun elmi tədqiqatlarından geniş şəkildə istifadə edilib.

Alim 210-dan çox elmi işin, 12 kəşf, 8 monoqrafiya, 2 lisenziya və 5 metodik dərsliyin müəllifidir. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur.

Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 6 fəlsəfə doktoru hazırlanmışdır.

R.Cavanşir 1984-ci ildən indiyədək Amerika Geoloq-Neftçilər Cəmiyyətinin üzvüdür. 1989-1995-ci illərdə “Energy Sources” (ABŞ) beynəlxalq elmi jurnalın regional redaktoru, 1989-1996 və 2001-2004-cü illərdə “Journal of Petroleum Science and Engineering” (Hol­landiya) beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü olmuşdur.

1985-ci ildə akademik İ.M.Qubkin adına mükafata layiq görülmüş, 2011-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Tanınmış elm mücahidini 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: