www.science.az
11.07.2016 14:58

Yeni material günəş panellərinin effektivliyini artıracaq

Alimlər günəş panellərini tozdan qoruyaraq səhralarda günəş enerjisinin istehsalının effektivliyini artıracaq nazik polimer plyonka yaradıblar.

“Naked Science” saytı xəbər verir ki, günəş panelləri fotoelementlərinə tozun düşməsi elektrik enerjisinin bu üsulla istehsal edilərək istifadəsində ciddi problemlərdən biridir. Səhralar kimi yerlərdə günəş panellərinə yatan qalın toz qatı onların effektivliyinin azalmasına səbəb olur. Alimlərin yaratdığı günəş şüalarının təsiri ilə dəyişən xüsusi polimer plyonka isə günəş panellərinə yatan tozu avtomatik təmizləməyə imkan verəcək.

Bildirilir ki, polimer plyonka Eyndhoven Texnoloji Universiteti və Berlin Humboldt Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb. Materialın tərkibində lazımi effekt yaradan xüsusi işığa həssas molekullar var. 

Eyndhoven Texnoloji Universitetinin tədqiqat qrupunun rəhbərinin sözlərinə görə, işığa həssas molekullar görünən spektrin şüalanmasının təsiri ilə əyilir və uzanır. Molekulların daxildə kristal polimer toru ilə bağlı olması səbəbindən bu, səthin cüzi dəyişməsinə gətirib çıxararaq plyonkanın üstündə arzuolunmaz tozu təmizləməyə imkan verir.

Yeni plyonkaya iş üçün adi günəş işığı kifayət edir.