Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
10.07.2016 21:29
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Kimya sahəsində görkəmli alim, Azərbaycan Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli, Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi, Nyu-York Akademiyasının və AMEA-nın həqiqi üzvü Kamil İsmayıl oğlu Sadıxov 2016-cı il iyul ayının 8-də ömrünün 89-cu ilində vəfat edib.

Kamil Sadıxov 1922-ci il fevralın 27-də Rusiya Federasiyasının Şimali Osetiya Muxtar Respublikasının Orcenikidze şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil almış, ilk tədqiqatlarını aşqarlar kimyası sahəsində aparmışdır.

Əmək fəaliyyətinə 1948-ci ildə V.Kuybışev adına AzETNİ-də başlamış, sonralar onun bazasında yaradılan Neft-Kimya Prosesləri İnstitutunda və 1965-ci ildən Aşqarlar Kimyası İnstitutunda çalışmışdır.

Alimin elmi fəaliyyəti neft kimyasının bir sıra fundamental və mühüm təcrübi məsələlərinə - motor yağları və yağlayıcı-soyuducu mayelərə (YSM) yüksək təsirli aşqarların sintezi, tədqiqi, istehsal texnologiyasının işlənib hazırlanması, effektiv aşqar kompozisiyalarının tərtibi, bu aşqarların və kompozisiyaların sənayedə tətbiqinə həsr edilmişdir. 

K.Sadıxov 1956-cı ildə "Avtotraktor yağları üçün sulfonat aşqarların sintezi, tədqiqi və tətbiqi" mövzusunda namizədlik, 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqarların sintezi, texnologiyalarının işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1969-cu ildə professor elmi adını almışdır.

1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Professor K.Sadıxov tərəfindən işlənib hazırlanmış yüksək təsirli neft sulfonatlarının sintezində xammalın seçilməsinin elmi əsasları bu sahədə məqsədyönlü sintezlər aparmağa, bir sıra yüksək təsirli sulfonat aşqarların alınma texnologiyasının sənayedə tətbiqinə imkan vermişdir. Sulfonat aşqarların kimyəvi quruluşları ilə təsirli olmaları arasındakı asılılığı da ilk dəfə o, müəyyən etmişdir.

Akademik son illər apardığı tədqiqatlar nəticəsində neft, sintetik və yarımsintetik xammal əsasında müasir tələblərə cavab verən bir sıra neytral, orta və yüksək qələvili sulfonat aşqarların istehsal texnologiyasını işləyib hazırlamışdır. Aparılmış tədqiqatların nəticələri Bakı baza yağları əsasında yuyucu-dispersedici, yeyilməyə və s. qarşı xassələrə malik olan yüksək keyfiyyətli mühərrik yağlarının sənayedə istehsalını təşkil etməyə və bu yağların istismar müddətini 2-3 dəfə artırmağa imkan vermişdir.

K.Sadıxov aşqarlar sahəsindəki xidmətlərinə görə 1970-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

Alimin kükürd, fosfor və azot elementləri saxlayan üzvi birləşmələr əsasında külsüz və azküllü yuyucu, oksidləşməyə, yeyilməyə və korroziyaya qarşı aşqarların sintezi sahəsində apardığı böyük elmi-tədqiqat işləri sayəsində 300-dən artıq yeni kükürd, fosfor və azotsaxlayan üzvi birləşmələr sintez edilmişdir. O, müxtəlif üzvi birləşmələr və onların kompozisiyalarının kəsmə prosesinə təsirinin öyrənilməsi nəticəsində bir sıra yüksək təsirli YSM-lər işləyib hazırlamış və onlar istehsala tətbiq edilmişdir.

K.Sadıxov dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalları, D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomları və fəxri fərmanları ilə, "SSRİ ixtiraçısı" döş nişanı ilə mükafatlandırılmışdır.

Akademikin uzun illər ərzində apardığı tədqiqat işləri 400-dən çox elmi əsərdə, o cümlədən 100-dən çox müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. 

Alimin məhsuldar elmi və pedaqoji fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1987-ci ildə "Şərəf", 2004-cü ildə isə "Şöhrət" ordenləri ilə təltif edilmişdir.

Şərəfli ömür yaşamış Kamil Sadıxovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət etsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: