Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.07.2016 19:23
  • A-
  • A
  • A+

“Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib

“Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib

İyulun 9-da Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan” Universitetində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında olan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. 

Beynəlxalq konfransı giriş sözü ilə NMR Ali Məclisinin Sədri Vasif Talıbov açaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. “Hər bir xalqın qədimliyi onun tarixində, tarix isə mənbələrdə və abidələrdə yaşayır” deyə bildirən V.Talıbov Naxçıvan torpağının Azərbaycan xalqının tarixini yaşadan abidələrlə zəngin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, muxtar respublika ərazisində 1200-dən çox tarixi abidə mövcuddur ki, onların da yarıdan çoxu dünya və ölkə üçün əhəmiyyətli abidələrdir. 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumu Naxçıvan abidələrinin elmi və real mənbələr əsasında öyrənilməsinin əsasını qoymuş, bu sahədə yeni istiqamətlər və vəzifələr müəyyənləşdirmişdir. Hələ o vaxt qarşıya qoyulan vəzifələrdən biri də qəhrəmanlıq və mədəniyyət tariximizi özündə yaşadan qalaların öyrənilməsi idi.

Ali Məclisin Sədri qalalar barədə tədqiqatların aparılmasının tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Qalalar təkcə sığınacaq yeri, mühafizə və ya müdafiə tikilisi deyil. Qalalar – bu ərazidə yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir.” V.Talıbov ümummilli lideri Heydər Əliyevin Naxçıvan qalalarının əhəmiyyətini önə çəkən sözlərini də konfrans iştirakçılarının nəzərinə çatdırıb: “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”.

Ali Məclisin Sədrinin sözlərinə görə, son tədqiqatların nəticəsi olaraq Naxçıvan ərazisində 80-ə yaxın qala müəyyənləşdirilib. Naxçıvan qalaları ilkin yaşayış yerləri, mədəniyyət və sənətkarlıq mərkəzləri kimi də diqqəti cəlb edir. Onlar şəhərsalma mədəniyyətinin mühüm elementi kimi  böyük dəyərə malikdir.

Naxçıvan qalalarının memarlıq quruluşuna görə də seçildiyini vurğulayan məruzəçi istər inşaat texnikasının yüksək səviyyəsinə, istərsə də planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalalarımızın bu gün həm də müasir memarlıq sənətinin inkişafı baxımından öyrənilməsinin zəruriliyini önə çəkib: “Bütün bunlar “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın böyük elmi, mədəni və tarixi əhəmiyyətə malik olduğunu göstərir. Naxçıvan qalalarının öyrənilməsi Naxçıvan tarixinin və bununla yanaşı Azərbaycan tarixinin də öyrənilməsinə mühüm töhfədir”.

Ali Məclisin Sədri çıxışının sonunda beynəlxalq konfransda əldə olunan nəticələrin elmimiz üçün faydalı olacağına inamını ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edib. Alim Naxçıvanın qədim tarixi və müasir sosial-iqtisadi inkişafı alim və tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyduğunu, yeni mövzuların müəyyənləşdirildiyini bildirib. Qeyd edib ki, son illərdə AMEA-nın institutlarının, xüsusən Naxçıvan Bölməsinin alimlərinin apardıqları ardıcıl elmi axtarışlar Naxçıvanın tarixinin ən dərin qatlarının açılmasına zəmin yaradıb, dəyərli elmi ədəbiyyatlar hazırlanıb. Üçcildlik “Naxçıvan tarixi” kitabı da azərbaycanşünaslığa dəyərli töhfə olmaqla yanaşı, Naxçıvan tarixinin öyrənilməsinə xidmət edən ensiklopedik nəşrdir.

Akademik qədim Azərbaycan torpağı olan Naxçıvanda tarixən güclü dövlətlər mövcud olduğunu, xalqımızın qədim dövlətçilik və mübarizlik rəmzinə çevrilən abidələrin, qala-şəhərlərin yarandığını deyib: “Bu mənada “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın keçirilməsi Azərbaycanda ictimai və humanitar elmlərin inkişafı baxımından faydalı olmaqla yanaşı, həm də xalqımızın vətənpərvərlik ənənələrinin və qəhrəmanlıq tarixinin təbliği baxımından mühüm addımdır”.

Alimin sözlərinə görə, bugünkü konfrans öz ideyası etibarilə tarix və müasirliyin vəhdətinə əsaslanır. Naxçıvan müasir Azərbaycanın sosial-siyasi və elmi-mədəni həyatında yerinə yetirdiyi şərəfli missiya baxımından müstəqil Azərbaycan dövlətçiliyinin əsas mərkəzlərindən biridir.

AMEA prezidenti NMR Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikanı bütün istiqamətlər üzrə və yüksək səviyyədə inkişaf etdirmək məqsədinə xidmət edən sistemində elm və təhsilin xüsusi yeri olduğunu qeyd edib.

Sonda akademik A.Əlizadə AMEA-nın elmi-tədqiqat institutları ilə NMR-nın elm və ali təhsil qurumları arasında sıx elmi əməkdaşlığın bundan sonra da yeni-yeni nailiyyətlərin, elmi uğurların əldə edilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Konfransda Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Oktay Belli “Tunc və Erkən Dəmir dövründə Şərqi Anadolu və Naxçıvan qalaları arasında oxşarlıq” mövzusunda məruzə ilə çıxış edib. O, Naxçıvanın dünya əhəmiyyətli abidlərlə zəngin bir diyar olduğunu, son illər muxtar respublikada qədim tarixi abidələrin, xüsusilə qalaların bərpa olunmasının bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət etdiyini qeyd edib. “Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları türklərin mübarizlik və qəhrəmanlıq tarixindən soraq verir” deyə bildirən məruzəçi qeyd edib ki, Şərqi Anadoluda və Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qalalar, tapılan maddi-mədəniyyət nümunələri hər iki ərazidə mövcud olan qalaların eyni tikinti xüsusiyyətlərinə malik olduğunu bir daha təsdiq edir.

Sonra Amerika Birləşmiş Ştatlarının (ABŞ) Emori Universitetinin professoru Hillari Qopnik “Şərur vadisinin Son Tunc dövrü qalaları” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, ABŞ-Azərbaycan layihəsi 2008-ci ildən etibarən Şərur vadisində həyata keçirilir. İlk dörd ildə işimiz üç əsas dövrün qalıqlarına rast gəldiyimiz Oğlanqala təpəsində aparılıb. 2013-cü ildən etibarən Qız qalası təpəsi yaxınlığında, Orta Tunc və Erkən Dəmir dövrünə aid yataqlarda qazıntı işləri aparırıq. Ərazidə Orta Tunc dövrünə aid kurqanlar, böyük ölçülü memarlıq abidələri və Son Tunc dövrünə aid qala aşkar edilib. Bu da Naxçıvandakı yüksək mədəniyyəti nümayiş etdirir. Məruzəçi qeyd olunan məsələlərin “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı üçün faydalı olacağına inamını bildirib.

H.Qopnik çıxışının sonunda konfransın təşkilinə, eyni zamanda tarixə və arxeologiyaya göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə təşəkkürünü ifadə edib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan qalaları: dövrləri və xarakterləri” barədə çıxış edərək Naxçıvanın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngin olduğunu deyib. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri olduğunu, Naxçıvan qalalarının başlıca olaraq müdafiə, sonralar dini, ticarət, sənətkarlıq məqsədilə istifadə edildiyini qeyd edib. Onun sözlərinə görə, tarixin sonrakı dövrlərində də Naxçıvan qalaları ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal rol oynayıb: “Bu gün NMR-nın tarix və mədəniyyət abidələri özlərinin ikinci həyatını yaşayır. Bu abidələr heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə olunmayıb, xalqımıza tanıdılmayıb, təbliğ olunmayıb. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizə göstərdiyi diqqət və qayğının ifadəsidir”.

Akademik İsmayıl Hacıyev sonda muxtar respublikanın ziyalıları və beynəlxalq konfransın iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra konfrans iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan qalaları” sənədli televiziya filmini izləyiblər.

Beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanıb.

Tədbir iyulun 10-da AMEA Naxçıvan Bölməsində “Naxçıvan qalalarının tarixi”, “Naxçıvan qalalarının arxeoloji tədqiqi”, “Əlincə qalası: tarixi və orta əsrlərdə mövqeyi”, “Naxçıvan qalaları ədəbiyyat və folklorda” bölmələri üzrə öz işini davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: