Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Firuddin  Məmmədovun  80  yaşı tamam olur
30.06.2016 12:40
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Firuddin Məmmədovun 80 yaşı tamam olur

İyulun 1-də Sumqayıt Dövlət Universitetinin “Elektromexanika” kafedrasının müdiri, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Firuddin  Məmmədovun 80 yaşı tamam olur.

Firuddin Məmmədov 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Həmin kənddə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və “Avtomatika, telemexanika və ölçü cihazları” ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Neft-Kimya Elmi Tədqiqat İnstitutunda laborant kimi başlamış, sonralar isə elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. “Neft  mədənlərinin telemexaniki ölçü  sistemləri” mövzusunda namizədlik, “Məlumat-ölçü sistemləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

O, 260-dan artıq elmi əsərin, o cümlədən 5 monoqrafiya, 34 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. 

Alim elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1961-ci ildən Sumqayıt Dövlət Universitetində müəllim,  dosent, professor, dekan və kafedra müdiri vəzifələrində çalışmışdır.

Onun rəhbərliyi altında 16 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.  

F.Məmmədovun elmi-tədqiqat işlərinin nəticələri dəniz qurğuları dayaqlarının katod mühafizəsinin avtomatlaşdırılması, şüşənin qalınlığının avtomatik ölçülməsində, dərinlik nasoslarının texnoloji parametrlərinin ölçülməsində  və s. geniş tətbiqini tapmışdır.

Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.

Tanınmış elm mücahidini 80 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzu edirik.

 

  • Paylaş: