Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.06.2016 17:46
  • A-
  • A
  • A+

“Poisk”qəzetinin baş redaktorunun birinci müavini “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində olub

“Poisk”qəzetinin baş redaktorunun birinci müavini “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində olub

AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin baş redaktorunun birinci müavini Yelizaveta Ponarinayla görüşüb.

Öncə akademik T.Nağıyev Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” adlanan xüsusi cildi haqqında məlumat verib. Bildirib ki, 2007-ci ildə Azərbaycan və rus dillərində dərc edilmiş, qədim vaxtlardan başlayaraq müasir dövrü əhatə edən nəşrə 160 oçerk daxildir. Xalqımızın təşəkkül prosesi, etnogenez məsələləri, 5000 illik dövlətçilik tarixi, Azərbaycan xalqına qarşı zaman-zaman həyata keçirilmiş soyqırımlar cilddə öz elmi şərhini tapmışdır. 

Akademik xüsusi cildin hazırlanmasında Prezident İlham Əliyevin çox böyük rolu olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə nəşrdə faktların dəqiqliyinə xüsusi diqqət göstərilmiş, ensiklopediya prinsiplərinə əməl edilmiş, heç bir tərifə və təhrifə yol verilməmişdir.

25 min nüsxə tirajla çap olunan Azərbaycan Milli Ensiklopediyasının ölkə kitabxanalarına, idarə, müəssisə və təşkilatlara paylanıldığını diqqətə çatdıran T.Nağıyev kitabın Azərbaycan haqqında indiyə qədər analoqu olmayan yeni və bitkin bir nəşr olduğunu vurğulayıb.

Alim bildirib ki, tariximizin yeni mərhələsi olan müstəqillik dövrü kitabda ensiklopedik tərzdə işıqlandırılmış, bu barədə oxucuya obyektiv məlumat verilmişdir. Qeyd edib ki, universal ensiklopediyanın ilk üç cildinin hər birində təxminən 2800-dən 3500-dək termin vardır ki, hər bir terminin də elmi əsaslarla izahı verilmişdir. Xüsusi cilddə, həmçinin müasir mərhələdə Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri, dayanıqlı inkişafını təmin edən amillər, ölkədə həyata keçirilən kompleks tədbirlər haqqında materiallar yer almışdır. 

Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Sonda akademik T.Nağıyev qonağa Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” adlanan xüsusi cildini hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: