Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Arxeologiya və Etnoqrafiya İnstitutunda yeni Tvinninq layihəsinin yerli müşaviri ilə görüş keçirilib
23.06.2016 10:19
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunda yeni Tvinninq layihəsinin yerli müşaviri ilə görüş keçirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Avropa İttifaqının “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin yerli müşaviri Alessandro Bianki ilə görüş keçirilib.

Yeni layihənin əhəmiyyətindən danışan A.Bianki bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət sektorunda hüquqi baza və idarəetmə sisteminin müasirləşdirilməsinə töhfə verməkdir.

Sonra institutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova rəhbərlik etdiyi müəssisənin tarixi abidələrin qeydiyyatı, tədqiqi və mühafizəsi istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini söyləyib. O, işğal altında olan Azərbaycan torpaqlarında tarixi abidələrin məqsədli şəkildə məhv edilməsi problemini xüsusi qeyd edib.

M.Rəhimova son illərdə Azərbaycanın bir sıra tarixi abidələri, qeyri-maddi mədəni irs nümunələrinin UNESCO siyahılarında təmsil olunmasına da toxunub. Zəngin mədəniyyəti olan Azərbaycanla əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

Bu müəssisənin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli tarixi abidələrin müəyyən edilməsi, tədqiqi və mühafizəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun hüquqi statusunu müəyyən edən hüquqi-normativ baza barədə məlumat verib.

İnstitutun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi bölməsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı bildirib ki, yeni layihənin uğurla həyata keçirilməsi mədəniyyət sahəsinin idarə edilməsində və mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübəsinə yiyələnməsinə kömək edəcək.

Görüşdə Azərbaycanda tarixi abidələrin qorunmasında dövlət qurumlarının fəaliyyəti, vəzifələri və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda A.Bianki layihə çərçivəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: