www.science.az
22.06.2016 13:44

Daşınan qurğular bədən hərəkətindən enerji alacaq

Çin və ABŞ alimləri insan hərəkətindən elektrik enerjisi hasil etməyə imkan verən elastik qurğu hazırlayıblar.

Pekin Elmi Texnoloji Universiteti, Corciya Texnologiya İnstitutu, Sinxua Universiteti və Çin Elmlər Akademiyasının əməkdaşları tərəfindən hazırlanmış texnologiyanın əsasını elektrik enerjisini sürtünmə hesabına mexaniki işdən hasil edən triboelektrik nanogeneratorlar təşkil edir. Əvvəllər hazırlanan oxşar qurğular sərt konstruksiyaya malik olduqlarından iş üçün adi bədən hərəkətindən istifadə edə bilmirdilər.

nplus1.ru saytı xəbər verir ki, alimlər bu problemi elektrod rolunu elastik polimerə doldurulmuş keçirici mayenin (xörək duzu məhlulu) yerinə yetirdiyi triboelektrik nanogeneratorlar hazırlamaqla aradan qaldırmağa nail olublar. Triboelektrik yükün sıxlığını və effektiv sahəni artırmaq üçün polimerin daxili səthi təxminən 50 nanometr diametrli çıxıntılarla örtülüb. 

Bu cür generator 300 faizədək gərilmədə effektiv işləyə bilir, yüksək elastiklik isə onu istənilən formaya salmağa imkan verir. Eksperimentlər zamanı mütəxəssislər yerimənin monitorinqi üçün altlığa bərkidilən triboelektrik nanogeneratorlardan və 80-dən çox işıq diodundan ibarət panelin enerji ilə təchizi üçün biləyə taxılan generatordan istifadə ediblər. Texnologiyanın əhatəliliyi onun böyük səthlərdən enerjinin toplanması üçün istifadəsinə imkan verir ki, bunu da alimlər 183×69×5 ölçüdə triboelektrik nanogeneratorlar icad etməklə təsdiq ediblər. Belə ki, səth üzərinə əllə vurduqda qurğu 170 işıq diodu üçün elektrik enerjisi generasiya edib.

Mütəxəssislər ümid edirlər ki, onların icad etdiyi texnologiya əksər daşınan qurğularda tətbiq ediləcək. Tədqiqat rəhbəri Çjon Lin Vanqın fikrincə, texnologiyadan, məsələn, bionik protezlərdə ötürücülərin enerji ilə təmini üçün istifadə etmək mümkün olacaq.