www.science.az
21.06.2016 16:33

“Naxçıvan coğrafiyası” kitabının I cildinin hazırlanması işləri yekunlaşıb

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının (NMR) tarixi, coğrafiyası, arxeologiyası, etnoqrafiyası, ədəbiyyatı və təbii sərvətlərinin öyrənilməsi istiqamətində  elmi-tədqiqat işləri davam etdirilir. Əsas məqsəd bu kimi tədqiqatların monoqrafiya, kitab və buklet şəklində dərc olunaraq tariximizi təbliğ etmək və gələcək nəsillərə ötürməkdir.

Bölmədə həyata keçirilən mühüm tədbirlərdən biri də Naxçıvanın coğrafiyasının öyrənilməsi ilə əlaqədar ikicildlik “Naxçıvan coğrafiyası” kitabının I cildinin nəşrə hazırlanmasıdır. Bu mövzuda təşkil olunan tədbiri giriş sözü ilə açan  bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, kitabın nəşri muxtar respublikanın coğrafiyasının öyrənilməsində faydalıdır. Yeni nəşrin köməyilə NMR-in coğrafiyası haqda geniş məlumat almaq mümkün olacaq.

Tədbirdə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, bu institutun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin dosenti Nazim Bababəyli, Coğrafiya İnstitutunun baş elmi işçisi, dosent Məhərrəm Həsənov və Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları iştirak ediblər. Müzakirələr zamanı kitabın elmi məziyyətləri haqqında fikir mübadiləsi aparılıb, mütəxəssislərin rəy və fikirləri dinlənilib.

Qeyd olunub ki, ikicildlik “Naxçıvan coğrafiyası” kitabının I cildinin hazırlanması işləri əsasən yekunlaşıb və 2016-cı ilin sonuna kimi nəşr olunması gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.