www.science.az
21.06.2016 11:59

Viki-Mərkəzdə növbəti təlim kursları keçirilir

Vikipediya qlobal informasiya resursu kimi Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti və s. haqqında dolğun və obyektiv informasiyanın dünyaya təqdim edilməsi, ölkənin maddi və mənəvi sərvətlərinə qarşı yönəlmiş informasiya müharibəsinin qarşısının alınmasında mühüm rol oynayır. Ölkə rəhbərliyi tərəfindən virtual məkanda milli maraqlarımızın təmin olunması məsələsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, 2014-cü ildə AMEA Rəyasət Heyətinin Qərarı ilə Vikipediya virtual ensiklopediyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi həqiqətlərini, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin Vikipediyada yerləşdirilməsi məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Viki-Mərkəz yaradılıb. Azərbaycan alimlərinin viki-layihələrdə yaxından iştirakını təmin etmək üçün AMEA-nın bütün institut və təşkilatlarında viki-qruplar formalaşdırılıb.

Vikimetrik tədqiqatların aparılması, müxtəlif sahələrin alim və mütəxəssisləri üçün Vikipediyaya dair nəzəri və praktiki dərslərin tədrisi, vətəndaşlar arasında Vikipediyanın populyarlaşdırılması və onların Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılması Viki-Mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.

İyun ayının 20-dən etibarən Viki-Mərkəzdə “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” adlı növbəti təlim kursları keçirilir. Burada AMEA institut və təşkilatlarının əməkdaşlarına Vikipediya virtual ensiklopediyası və viki-texnologiyaları ilə idarə olunan müvafiq layihələrdə işləmək üçün zəruri biliklər tədris olunur. 1 aylıq kurslarda Vikipediyanın problemləri və perspektivləri, əsas prinsipləri, ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları, onların strukturlaşdırılması və monitorinqi, şablonlar və onlardan istifadə qaydaları, mənbələrdən istifadə qaydaları, multimedia resurslarının yüklənməsi, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yolları kimi mövzulara dair mühazirə və seminarlar keçirilir.

Qeyd edək ki, sonda təlim kurslarında iştirak edən şəxslərə sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.