www.science.az
20.06.2016 16:31

AMEA Təcrübə-Sənaye Zavodunda inteqrəedilmiş idarəetmə sistemi standartları üzrə beynəlxalq sertifikat təqdim ediləcək

16-18 iyun tarixlərində Beynəlxalq Standartlaşdırma Komitəsi (İSO) tərəfindən keçirilmiş audit yoxlamasının nəticələrinə görə, AMEA Təcrübə-Sənaye Zavoduna (TSZ) inteqrəedilmiş idarəetmə sistemi standartları (İSO 9001:2015, İSO 14001:2015 və OHSAS 18001:2007) üzrə beynəlxalq sertifikatın verilməsi qərara alınıb. AMEA Rəyasət Heyətinin 6 noyabr 2013-cü il tarixli qərarı ilə bilavasitə bu qurumun tabeliyinə verilmiş Təcrübə-Sənaye Zavodu respublikada bu tipli ilk və yeganə təcrübə-sınaq müəssisəsidir.

Qeyd edək ki, Akademiya rəhbərliyinin təşəbbüsü və dəstəyilə 2016-cı ilin yanvarında TSZ-da fəaliyyət göstərən istehsalat proseslərinin beynəlxalq standartlarla tənzimlənən proseslərə inteqrasiyasının vacibliyini nəzərə alan müəssisə rəhbərliyi zavodda keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi idarəetmə sistemlərindən ibarət olan İnteqrəedilmiş İdarəetmə Sistemini işləyib hazırlamaq və tətbiq etmək haqda müvafiq qərar qəbul etmişdir. Sonra “Zygon Caspian Consultinq” şirkətinin məsləhətçilərinin iştirakı ilə bu prosesə start verilmişdir.

Qısa müddət ərzində TSZ-da qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün tədbirlər planı, işçi heyətinin təlimlərinin idarə olunması proseduru, İnteqrəedilmiş İdarəetmə Sisteminin tətbiq edilməsində məsuliyyət, vəzifə və səlahiyyətlərin bölüşdürülməsi işləri və digər tədbirlər həyata keçirilmişdir. Nəzərdə tutulmuş tədbirlər planının yerinə yetirilməsi üçün zavodun şöbə, sex və sahələrində aparılan işlər, ətraf mühit və əməyin təhlükəsizliyi üzrə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəhayət öz bəhrəsini vermişdir.

Onu da əlavə edək ki, TSZ Akademiya sistemində adı çəkilən beynəlxalq standartlar üzrə sertifikat almış ilk təşkilat olmaqla yanaşı, həm də İSO 9001:2015 beynəlxalq standartının yeni versiyası üzrə ölkədə sertifikat alan ilk müəssisədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.