Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

21.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AMEA Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Əsas binasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.

Öncə foyedə institutun alimləri tərəfindən nəşr olunmuş kitablardan ibarət sərgi nümayiş etdirilib.

Yubiley tədbirini giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən və milli ədəbi nümunələrimizin tədqiqi, öyrənilməsi və təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açıb.

Tədbirdə “Nizami adına Ədəbiyyat İnstitutu davamlı ənənələr və müasirləşmə yollarında” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli institutun keçdiyi tarixi yola nəzər salıb. Qeyd edib ki, 1933-cü ildə əsası qoyulan bu elm məbədi 80 ildən artıq müddətdə Azərbaycan filologiya elminin mərkəzinə çevrilmiş, mili mənəvi dəyərlərimizin, xalqın folklorunun, klassik və müasir ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olmuş, onun tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı işlər görmüşdür.

Bildirilib ki, Ədəbiyyat İnstitutu özünəməxsus şərəfli tarixi, böyük araşdırma ənənələri, görkəmli yaradıcıları və adlı-sanlı yetirmələri ilə mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunur. Bu elmi-tədqiqat institutu bir əsrə yaxındır ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu vasitəsilə əlaqələndirilir və istiqamətləndirilir. Bu elm məbədi Azərbaycan Respublikasının ədəbiyyat siyasətini sistemli və davamlı şəkildə, uğurla həyata keçirir.

İ.Həbibbəyli qeyd edib ki, hazırda bütövlükdə akademiyada olduğu kimi, Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır. Bu mənada 2013-cü ildə yaradılmış müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, ədəbi tənqid” şöbələri, Nizamişünaslıq və Füzulişünaslıq sektorları ədəbiyyatşünaslıq elminin nüfuzunun genişləndirilməsinə yeni imkanlar açmışdır.

Natiq son vaxtlar institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan da danışıb.

Yubiley tədbirində iştirakından böyük məmnunluq hissi keçirdiyini söyləyən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva institutun əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib.

N.Paşayeva bildirib ki, tarixin hər bir mərhələsində xalqımıza məxsus ədəbiyyat nümunələrində digər xalqlara məxsus nadir dəyərlərə xüsusi diqqət və hörmətlə yanaşılmışdır: “Bu özü də böyük bir tədqiqatın mövzusudur və ədəbi nümunələrimiz bir çox istiqamətlərdə araşdırılmalıdır. Tarixin müxtəlif dövrlərində Azərbaycan ədəbiyyatı yalnız olduğu kimi qalmamışdır. Onun dahi simaları Yaxın və Orta Şərq fikrini, mədəniyyətini özündə cəmləmişdir. Orta əsrlərdə bütün fəlsəfi fikirlər, məktəblər Azərbaycan ədəbiyyatı tərkibində özünü dünyaya tanıtmışdır. Əgər XVIII-XIX əsrlərdə Avropanın vətənpərvər ziyalıları insanın və cəmiyyətin azadlığını maarifçilik ənənələrində axtarırdılarsa, bunu hələ çox-çox əvvəllərdə, XII əsrdə dahi Nizami Gəncəvi görmüş və əsərlərində şərh etmişdi. Bu, böyük bir zənginlikdir. Bəzən özümüzün nə qədər qədim və zəngin mədəniyyətə sahib olduğumuzu dərk edə bilmirik. Məhz bu səbəbdən də zəngin ədəbi irsimizi təqdim və təbliğ etmək borcumuzdur”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvi Kamal Abdulla, Macarıstan Elmlər Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georg Xazai, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, dünya şöhrətli azərbaycanlı alim, doktor Cavad Heyət, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Rafael Hüseynov, Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı və başqaları əlamətdar gün münasibətilə Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik edib, onlara yeni uğurlar arzulayıblar.

Tədbirə yekun vuran akademik İsa Həbibbəyli yubiley münasibətilə xarici ölkələrdən və Azərbaycanın bir sıra ali təhsil ocaqlarından, görkəmli mədəniyyət xadimlərinin təbrik məktublarını səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: