Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.06.2016 15:34
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin iclasında Cənubi Xəzər hövzəsinin böyük dərinliklərə çökmə səbəbləri müzakirə olunub

Yer Elmləri Bölməsinin iclasında Cənubi Xəzər hövzəsinin böyük dərinliklərə çökmə səbəbləri müzakirə olunub

İyunun 16-da AMEA Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.

Bölmənin büro üzvlərinin iştirak etdiyi iclası giriş sözü ilə açan YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün 5 may 2016-cı il tarixində verilmiş elan əsasında gizli səsvermə yolu ilə bölmənin Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə seçki keçirilib. Gizli səsvermənin nəticələrinə görə, Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev seçilib.

Sonra akademik Pərviz Məmmədov “Cənubi Xəzər hövzəsinin böyük dərinliklərə çökmə səbəblərinin tədqiqi” mövzusunda məruzəsini təqdim edib. Məruzədə Paris-IV, Moskva Dövlət Universiteti, Şevron (ABŞ), BP (Böyük Britaniya) şirkətləri ilə uzun illər ərzində Peritetis, MEBE, Darius beynəlxalq layihələri çərçivəsində aparılan tədqiqatlar nəticəsində Cənubi Xəzər hövzəsinin çox böyük dərinliklərə (25-30 km) çökməsinin əsas səbəbləri (tektonik çökmə, çöküntü qatının ağırlığı, izostasiya və subduksiya) barədə məlumat verilib. Bu məqsədlə düz və əks modelləşmə və hövzənin müxtəlif inkişaf mərhələlərində batimetriyanın, sedimentasiyanın və tektonikanın rolu araşdırılıb. Tədqiqat modelləri qurulub, regional profillər üzrə “backsripping analys” və seysmostratiqrafik interpretasiya əsasında hər bir amilin hövzənin özülünün çökməsində rolu müəyyən edilib. Tədqiqatlar nəticəsində Cənubi Xəzər hövzəsinin regional profillər üzrə kəsilişləri qurulub, müxtəlif mərhələlərdə çöküntü toplamanın sürəti və paleocoğrafi şəraiti aydınlaşdırılıb. Müzakirələrdə alınan nəticələrin Cənubi Xəzər hövzəsinin inkişaf mərhələlərinin, çöküntü qatının neftlilik-qazlılığının və seysmoloji şəraitin öyrənilməsində mühüm rolu qeyd olunub.

Bölmənin qərarı ilə P.Məmmədovun elmi-tədqiqat xarakterli məruzəsi bəyənilib. Məruzədə faktiki məlumatlar əsasında alınmış yeni nəticələrin elmi jurnallarda nəşri tövsiyyə olunub.

İclasda, həmçinin AMEA Şəki Regional Elmi Mərkəzinin “Region folkloru antologiyası” kitabının nəşri məsələsinə də baxılıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: