Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan tarixçisinin əsəri Moskvada nəşr edilib
10.06.2016 10:08
  • A-
  • A
  • A+

Azərbaycan tarixçisinin əsəri Moskvada nəşr edilib

Tanınmış tarixçi alim, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının “Azərbaycan, Ermənistan və Türkiyə 1920-1994-cü illərdə: real tarix” monoqrafiyası Moskvada rus dilində nəşr olunub.

Monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər öl­kələrin arxiv materialları və sənədli mənbələri əsasında sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Lozan kon­fran­sında “erməni məsələsi”nin həlli, İrəvanda Türkiyə nüma­yən­dəliyinə hücum, 1920-1930-cu illərdə xarici ölkələrdən ermənilərin gətirilməsi kimi məsələlər yer alıb. Bundan əlavə, 1950-1960-ci illərdə xarici ölkələrdəki erməni diasporunun və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və fəaliyyətləri, ermənilərin törətdikləri terror aktları, Azərbaycan tor­paq­larını ələ keçirtmə cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanması və Azərbaycan əra­zi­lərinin işğalının nəticələri məsələləri araşdırılıb.

Mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilib. Əsər tarixçi, siyasətçi, diplomat, tədqiqatçı və Azərbaycan tarixinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Nəşrin redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, rəyçiləri isə dünyada tanınmış tarixçilər – Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya, Türkiyənin İpək Universitetinin prorektoru, professor Kamal Çiçək, Böyük Britaniya Mərkəzi Asiya İşləri üzrə Kral Cəmiyyətinin əməkdaşı, professor Mixail Basxanovdur.

Qeyd edək ki, monoqrafiya əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Azərbaycan dilində nəşr edilmiş və böyük maraq doğurmuşdur. Müsbət rəylərin verildiyi bu əsər Türkiyədə türk dilində nəşrə hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: