www.science.az
21.01.2014 00:00

“20 yanvar faciəsi Azərbaycan tarixində qanla yazılmış bir səhifədir!”

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Giriş sözünü vurğulayan institutun Həmkarlar təşkilatının sədri, fəlsəfə elmləri doktoru Məmməd Məmmədov həmin günün siyasi mahiyyətindən, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən danışdı. Bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən düz iyirmi dörd il keçir, Azərbaycana qarşı xəyanətkar siyasətinin tərkib hissəsi olan Sovet imperiyasının hərbi texnikasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu vəhşi terror aktı, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnən həmin faciə 20-ci əsirdə insanlığa qarşı törədilən zorakılığın, qeyri insani rəftarın, işgəncələrin ən dəhşətli səhifələrindən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır! Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqı həmin gün öz qüdrətini sübut etdi və Erməni qəsbkarlarının cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi”.

Sonra şəhid olmuş Azərbaycan övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən tarix elmləri doktoru, professor Qasım Hacıyev 20 Yanvar hadisələri haqqında məlumat verərək həmin günü Azərbaycan xalqının həyatında və yaddaşında dönüş nöqtəsi kimi, tariximizin təkcə faciəsi kimi deyil, həm də azərbaycanlının istiqlal ruhunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin bir oyanış küləyi kimi səciyyələndirdi.

Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev uzun illər Sovet imperiyasının tərkibində yaşayan, bir yumruq kimi birləşən xalqın azadlıq uğrunda mübarizə qüdrətindən söz açdı: “Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.