www.science.az
08.06.2016 14:26

“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” elektron kitabının təqdimatı olub

İyunun 8-də AMEA Hüquq və İnsan Haqları İnstitutunda “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” elektron kitabının təqdimatı olub.

Tədbirdə beynəlxalq təşkilatların təmsilçiləri, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak ediblər.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev kitabda imtiyazlı məhbusların hüquqları haqqında Azərbaycan Respublikasının qanunlarının, həmçinin beynəlxalq penitensiar qaydalarının öz əksini tapdığını söyləyib. Onun sözlərinə görə, nəşrin məqsədi imtiyazlı məhbusların, onların ailə üzvlərinin sosial problemlərinin həllinə nail olmaq, insan hüquq və azadlıqlarının qorunmasına ictimai dəstək verməkdir.

Bildirilib ki, kitab “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həyata keçirilən “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi” layihəsi çərçivəsində nəşr olunub. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin 2011-ci ildən əməkdaşlıq etdiyi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində davamlı olaraq həyata keçirdiyi bu layihənin əsas mahiyyəti imtiyazlı məhbusların və onların ailə üzvlərinin hüquqlarının müdafiə olunmasına ictimai dəstək göstərməklə məhbusların hələ cəzaçəkmə müəssisələrindən başlayaraq həyata adaptasiyasına və reabilitasiyasına kömək etməkdir.

Təqdimat mərasimində çıxış edənlər təqdim olunan kitabın əhəmiyyətindən danışıblar, imtiyazlı məhbusların və onların ailə üzvlərinin hüquq və azadlıqlarının qorunması istiqamətində maarifləndirmə işlərinin və hüquqi məsləhət xidmətlərinin təşkil olunmasını məqsədəuyğun hesab ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.