www.science.az
07.06.2016 17:29

AMEA ilə ADİU elm və təhsilin vəhdəti istiqamətində əməkdaşlıq edəcək

İyunun 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali məktəbin və AMEA-nın birgə təşkilatçılığı ilə “Elm və təhsilin vəhdəti: qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov elm və təhsilin vəhdətinin zəruriliyindən, hər iki qurumda bu istiqamətdə görülən işlərdən danışıb, əməkdaşlığın vacibliyini vurğulayıb. Ə.Muradov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, ölkənin elmi, iqtisadi, siyasi və mədəni inkişafı istiqamətində həyata keçirilən beynəlxalq layihə və proqramlar haqqında məlumat verib. 

Sonra çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanda elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr barədə məlumat verib. Bildirilib ki, elmlə təhsilin vəhdəti üçün AMEA-nın institutlarında baza kafedraları yaradılır. Akademiyada ötən ildən magistratura təhsilinə başlanılıb.

AMEA rəhbəri son zamanlar Akademiyada həyata keçirilən islahatların əsas istiqamətlərindən də danışıb.

Sonra konfrans müxtəlif mövzular üzrə məruzələrlə davam edib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova “İqtisadi biliklərin tədrisinin ictimai elmlər sahəsində əhəmiyyəti” və ADİU-nun Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyillər” adlı məruzələrlə çıxış ediblər.

Konfransda elm və təhsilin inteqrasiyası istiqamətində qarşıda duran vəzifələrə dair təkliflər səsləndirilib. AMEA-nın elmi müəssisələri ilə ADİU-un müvafiq mərkəz və şöbələri arasında beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqi məqsədilə birgə fəaliyyət mexanizminin, eləcə də layihələrin hazırlanmasına dair müzakirələr aparılıb.

Tədbirdə tərəflər arasında ölkəmizdə elmlə təhsilin inteqrasiyasını gücləndirmək, elmi müəssisələrlə ali təhsil qurumları arasında əməkdaşlığı möhkəmləndirmək və yüksəkixtisaslı kadrlar hazırlamaq məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənəddə qarşılıqlı maraq kəsb edən mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, elmi nəticələrin tədris prosesinə tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, ölkə iqtisadiyyatı üçün əhəmiyyətli ixtisaslar üzrə elmi biliklərə malik kadrların hazırlanması, tədrisin keyfiyyətini yüksəltmək və tədris prosesinin təşkili sahəsində müəllim, doktorant, magistr və elmi işçilər arasında təcrübə, tədqiqat materialları və informasiya mübadiləsinin aparılması məsələləri yer alıb. Həmçinin memorandumda qarşılıqlı maraq doğuran müasir elmi məsələlərə həsr olunmuş birgə seminar, təlim, konfrans və simpoziumların təşkili, konkret problemlər üzrə birgə tədqiqat proqramlarının hazırlanması və həyata keçirilməsi, tədrisdə müasir informasiya və kommunikasiya texnologiyaları vasitələrinin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gənc alim və müəllimlərin dünyanın nüfuzlu elmi mərkəzlərində təcrübə keçməsinin təşkili və digər məsələlər də öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.