www.science.az
07.06.2016 15:52

Avropa Azərbaycanlıları Konqresinin prezidenti AMEA-nın Elm Tarixi İnstitutunda olub

İyunun 7-də AMEA-nın Elm Tarixi İnstitutunda Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer İsmayılova ilə görüş keçirildi.

Öncə institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli qonağı salamlayaraq onu rəhbərlik etdiyi elm ocağında görməkdən məmnun olduğunu bildirdi. İnstitut direktoru qonağa Akademiyada son illərdə həyata keçirilən layihələr, aparılan araşdırmalar haqqında ətraflı məlumat verdi.

Sonra S. Patzer İsmayılova çıxış edərək Avropada son illərdə Azərbaycan diasporunun rolunun artdığını diqqətə çatdırdı. O, AR Prezidenti İlham Əliyevin cari il iyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimindəki çıxışını xatırlatdı: “Ölkə Prezidentinin də dediyi kimi dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daimi olmalı, güclənməlidir. Eyni zamanda, diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr qurulmalıdır”.

Avropada elm və mədəniyyətin inkişafına yüksək diqqət ayrıldığını vurğulayan qonaq 2014-cü ildə AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Almaniyada keçirilən görüşlərdən danışdı. Bildirdi ki, bu görüşlərdə Almaniya alimləri ilə Azərbaycan diasporunun elmi nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Azərbaycanda lobbiçilik fəaliyyəti haqqında danışan S. Patzer İsmayılova lobbiçilik fəaliyyətinin ən yüksək dairələrdə həyata keçirilməli olduğunu vurğuladı. Bildirdi ki, bu gün lobbiçilik fəaliyyəti Azərbaycan reallıqları üçün də olduqca zəruridir: "Lobbiçilik fəaliyyətini gücləndirərək Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərmək mühüm məsələlərdəndir."  

Sonda siyasi elmlər doktoru Zaur Əliyev çıxış etdi. Bildirdi ki, institutda “Elmşünaslıq və elmin sosial problemləri” şöbəsi açılacaq. Əsas məqsəd Avropaya ezam olunan alimlər haqqında məlumat bazası hazırlamaq, onlarla əməkdaşlıq etmək və təkliflər irəli sürməkdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.