Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.06.2016 15:37
  • A-
  • A
  • A+

Azərbaycanlı və rusiyalı botaniklər müştərək tədqiqatlar həyata keçirib

Azərbaycanlı və rusiyalı botaniklər müştərək tədqiqatlar həyata keçirib

Azərbaycan florasının, xüsusilə Paxlalılar fəsiləsinə aid olan Paxladən (Atraqalus) cinsinin Qafqazda yayılmış növlərinin tədqiqi məqsədi ilə Rusiya Elmlər Akademiyası Botanika İnstitutunun böyük elmi işçisi, b.e.d. Andrey Sıtin, b.ü.f.d. Lidya Ryazanova və doktorant Aleksandr Ximarik AMEA-nın Botanika İnstitutunda olublar.

Səfər çərçivəsində A.Sıtin və L.Riyazanova institutun Herbari Fondunda Astraqalus L. nümunələri üzərində nomenklatur dəyişiklər aparıb, bu növlərin Azərbaycanda yayılma ərazilərini təsbit ediblər. Həmçinin rusiyalı alimlər Herbari Fondunun əməkdaşları ilə bitkilərin sistematikası, morfologiyası və herbari materiallarının hazırlanması üzrə təcrübə mübadiləsi aparıblar.

AMEA Botanika İnstitutunun rəhbərliyi tərəfindən institututun əməkdaşları - b.e.d. Naibə Mehdiyeva və b.ü.f.d. Vuqar Kərimovun müşayəti ilə qonaqların Azərbaycanın müxtəlif bölgələrinə (Talış, Naxçıvan, Gəncə, Xızı, Altıağac) ekspedisiyaları təşkil olunub. Toplanan herbari materiallar Botanika İnstitutunun Herbari Fondunda və REA-nın Herbari Fondunda saxlanılacaq. Bundan başqa, çöl tədqiqatları zamanı çəkilən bitki şəkilləri rusiyalı alimlərin hazırladıqları Qafqaz florasının konspektində və müasir texnoloji elektron xəritələrdə öz əksini tapacaq.

Botanika İnstitutunda təşkil olunan seminarda müştərək tədqiqatların nəticəsi kimi A.Sıtin “Qafqazın birillik Asraqalı: təkamül və taksanomiya problemləri”, A.Ximarik “İnteraktiv çoxgirişli müəyyənləşdirici açarların tətbiqi” mövzusunda məruzə ilə çıxış ediblər.

Azərbaycanlı və rusiyalı mütəxəssislər təqdim edilən mövzular və müxtəlif botaniki problemlər ətrafında müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: