www.science.az
06.06.2016 15:58

"Mahmud Kaşqari" medalı sahiblərinə təqdim edilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu qurumun və Mahmud Kaşqari Fondunun birgə təşkilatçılığı ilə tədbir keçirilib. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, elmi istiqamətləri barədə məlumat verib. Bildirib ki, institut yarandığı gündən bir çox elmi nailiyyətlərə imza atıb, yüzlərlə monoqrafiya və elmi nəşrlər çap edilib. Həmçinin "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyi, "Ədəbiyyat məcmuəsi", "Ədəbi əlaqələr" adlı elmi jurnallar dərc olunub. Qeyd olunub ki, institutun maddi-texniki bazası əsaslı şəkildə təzələnib, yüksək ixtisaslı kadr potensialı formalaşıb.

Mahmud Kaşqari Fondu barədə də məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, adıçəkilən beynəlxalq fond 2006-cı ildə Xalq yazıçısı Anar, mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlu və şair Elxan Zal Qaraxanlının təşəbbüsüylə yaradılıb. "Fondun əsas məqsədi ortaq türk dəyərlərinin təbliğidir” – deyə bildirən alim Azərbaycan və ümumtürk miqyasında bu məsələyə diqqətin artırılması üçün Fond tərəfindən "Mahmud Kaşqari" medalının təsis edildiyini diqqətə çatdırıb. Bildirib ki, medal türk dünyası qarşısında xidmətlərə, o cümlədən, mesenatlıq fəaliyyətinə görə təqdim edilir.

Fondun icraçı direktoru, şair Elxan Zal Qaraxanlı qeyd edib ki, ilkin olaraq qurumun fəaliyyətinə maddi və mənəvi dəstək olmuş şəxslər mükafatlandırılır. O, mükafatçılar sırasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mahmud Kaşqari "Divan"ını Azərbaycan dilinə tərcümə edən Ramiz Əsgər, bir sıra tarixi nəşrlərin çapında öz dəstəyini göstərmiş yazıçılar Hüseynbala Mirələmov, Yunus Oğuz və Elçin İsgəndərzadə kimi tanınmış şəxslərin olduğunu bildirib.

Elxan Zal Qaraxanlı təşkilat tərəfindən türk tarixinin ən az öyrənilmiş dövrlərindən biri olan Mahmud Kaşqari dönəmi barədə bədii və ya sənədli filmin çəkiləcəyini də diqqətə çatdırıb.

Daha sonra "Mahmud Kaşqari" medalı sahiblərinə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.