www.science.az
06.06.2016 09:34

Magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi keçirilib

İyunun 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində aparılıb.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verirlər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2016-cı il mayın 3-dən 10-dək aparılıb və 9 min 61 nəfər qəbul proqramını seçərək təsdiqləyib.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.