www.science.az
06.06.2016 09:09

Qurultay çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma” mövzusunda müzakirələr aparılıb

Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusunda panel sessiyası keçirilib.

İclasa Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov moderatorluq edib. O, Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi nitqin əhəmiyyətini vurğulayıb, bu baxımdan panelin mövzusunun aktuallığını qeyd edib.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə çıxış edərək 2016-cı ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edilməsinin 25 ilinin tamam olduğunu xatırladıb. Qeyd edib ki, bu müddətdə Azərbaycan tarixi nailiyyətlər əldə edib və dünyanın ən yüksək texnologiyalarına əsaslanan, özünün kosmik peyki olan bir ölkəyə çevrilib. Lakin dünyada qlobal səviyyədə informasiya müharibəsinin aparıldığı yaddan çıxmamalıdır. Doğrudur, Azərbaycanda hökumət səviyyəsində informasiya sahəsində mühüm işlər görülür. Lakin virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkandan fəaliyyəti əlaqələndirmək lazımdır. Məsələn, dünyada ən inkişaf etmiş saytlardan biri olan “Vikipedia”da fəallıq artırılmalıdır. Böyük potensialımız səfərbər edilməlidir. Habelə müxtəlif qrafikalı, o cümlədən kiril, ərəb qrafikalarında yazılar arasında çəpər götürülməli, transliterasiya problemi həll edilməlidir. Bir sözlə, müasir dövrdə informasiya müharibəsində təkcə Azərbaycanın resursları yetərli deyil, dünya azərbaycanlıları bu işə öz töhfəsini verməlidirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə tədqiqatçı, “Türküstan və Cənubi Qafqaz: daşnaklar Fərqanədən Qarabağadək” kitabının müəllifi Şuxrat Salamov (Özbəkistan) çıxış edərək Azərbaycan və özbək xalqlarının ortaq tarixi və mədəniyyətindən söhbət açıb. O bildirib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Ş.Salamov “Daşnaksütyun” partiyasının özbək və Azərbaycan xalqlarına qarşı törətdiyi təxribatlara dair faktlar gətirib, tarixi hadisələr barədə materialların nəşr etdirilərək gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, Türkdilli Diasporların Ukrayna Regional Mərkəzinin icra katibi, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov məruzəsində informasiya məkanında xarici KİV-lərdə çıxış etməyin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, xarici KİV-lərin böyük əksəriyyətinin biznes strukturu olması nəzərə alınmalıdır. Bu baxımdan müvafiq istiqamətdə fondun təşkili, eləcə də KİV-lərlə bağlı koordinasiya mərkəzinin yaradılması və bu işə peşəkar jurnalistlərin cəlb edilməsi faydalı olar.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Mahir Həmzəyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Litva, latış, eston xalqlarının təcrübəsindən bəhrələnməyi təklif edib.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun birinci müavini Samir Məmmədov məruzəsində informasiya platforması yaratmağın zəruriliyini vurğulayıb. S.Məmmədov Azərbaycana, həm də Rusiyaya loyal informasiya agentliyini yaratmaq və bunun vasitəsilə Azərbaycan həqiqətlərini yaymaq, eləcə də digər ölkələrdə bu cür platformanı həyata keçirmək təklifini irəli sürüb.

Panel sessiyada Ermənistan dövləti, erməni diasporu və lobbisinin Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsində Azərbaycan diasporunun üzərinə düşən vəzifələr, qondarma “erməni soyqırımı” iddiaları ilə əlaqədar Azərbaycan və türk diasporunun birgə fəaliyyətinin yeni dövrün tələblərinə uyğun mexanizmlərinin necə qurulması, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı rejimin müstəqil dövlət kimi tanıdılması istiqamətində kampaniyaların qarşısının alınması üçün hansı addımların atılması məsələləri üzrə çıxışlar dinlənilib. Habelə Azərbaycana qarşı bəzi ölkələrdə aparılan təbliğata necə cavab verilməli, media və sosial şəbəkələrin informasiya müharibəsində rolu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında informasiya texnologiyalarının effektiv tətbiqi üçün vahid strategiyanın müəyyən olunması məsələləri müzakirə edilib.

Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.