www.science.az
03.06.2016 16:47

Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislərin mükafatlandırılması mərasimi keçirildi

İyunun 1-də AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislərin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə institutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi elm müəssisəsində çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa təşviq etmək məqsədilə institutda çalışan gənc doktorant, dissertant və magistrlər arasında keçirilən “Gənclər üçün Akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi məruzə" müsabiqəsi qaliblərinin müəyyənləşdirildiyini diqqətə çatdırdı.

İnstitutun adını daşıyan Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Əli Quliyevin xatirəsini əbədiləşdirmək məqsədilə “Akademik Əli Quliyev adına mükafat”ın təsis edildiyini söyləyən direktor bildirdi ki, bu mükafata yüksək elmi nəticələr göstərən gənc alimlər layiq görülürlər. Onun sözlərinə görə, namizədlərin seçimi zamanı nüfuzlu (yüksək impakt-faktorlu) jurnallarda məqalələrinin dərci, beynəlxalq konfranslarda məruzə ilə çıxışlar, alınan patentlər, elmi əsərlərə olan istinadlar kimi göstəricilər nəzərə alınır.

"Ən yaxşı elmi məruzə" müsabiqəsi haqqında məlumat verən institut direktoru təqdim olunan məruzələrin müsabiqədə iştirak edənlərin elmi-tədqiqat mövzularına və ya fəaliyyət göstərdikləri laboratoriyanın illik fəaliyyət planına daxil olan aktual problemlərə həsr edildiyini vurğuladı.

Akademik V.Fərzəliyev institutda gənclərin xarici dil biliklərinin artırılması məqsədilə ingilis dili kurslarına start verildiyini bildirdi. O, həmçinin bu ildən magistraturaya qəbul planında Aşqarlar Kimyası İnstitutuna 2 yer ayrıldığını və bunun elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində vacib addım olduğunu diqqətə çatdırdı.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev institutda gənclərin elmə cəlb olunması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd etdi. Artıq 3-cü ildir keçirilən bu tədbirin ənənə halını aldığını söyləyən Ə.Sucayev gənc alim və mütəxəssislər arasında müsabiqələrin keçirilməsini, istedadlı gənclərə mükafatların verilməsini ən mühüm tədbirlərdən biri kimi dəyərləndirdi. O, gənclərin fəaliyyətinə verilən böyük dəstəyə görə institut rəhbərliyinə təşəkkürünü bildirdi.

Şura sədri vurğuladı ki, mükafatın qalibləri Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komisiyası tərəfindən müəyyən edilib.

Müsabiqə Komisiyasının üzvü, kimya üzrə fəlsəfə doktoru Şahmərdan Əliyev qaliblərin seçilməsi meyarları və qiymətləndirmə, eləcə də məruzə təqdimatlarında müşahidə etdiyi üstünlüklərdən danışdı.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi. "Ən yaxşı elmi məruzə" müsabiqəsi üzrə Səbiyə Osmanova I yer, Könül Qəhrəmanova II yer, Günay İsmayılova III yerə layiq görüldü. Həmçinin institutun gənc elmi işçisi Sevinc Qocayeva “Akademik Əli Quliyev adına mükafat”ı ilə təltif olundu.

Tədbirin sonunda bütün qaliblərə diplomlar təqdim edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.