Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2016 15:23
  • A-
  • A
  • A+

Tomsk Dövlət Universitetinin əməkdaşı Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi məruzə ilə çıxış edib

Tomsk Dövlət Universitetinin əməkdaşı Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi məruzə ilə çıxış edib

İyunun 2-də AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilib.

Tədbiri giriş sözü ilə Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, AMEA Rəyasət Heyətinin müvafiq sərəncamına uyğun olaraq institutda elmi mühazirələr təşkil olunur. D.Tağıyev bugünkü iclasda Rusiyanın Tomsk Dövlət Universitetinin Katalitik tədqiqatlar laboratoriyasının aparıcı elmi işçisi, kimya elmləri doktoru Eldar Dəhnəvinin oksigen tərkibli birləşmələrin alınmasının texnologiyası ilə bağlı məruzəsinin dinləniləcəyini bildirib.

Sonra kimya elmləri doktoru Eldar Dəhnəvi “Bəzi oksigen tərkibli birləşmələrin alınması texnologiyasının aktual məsələləri” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bir sıra sənaye əhəmiyyətli kimyəvi birləşmələrin alınması proseslərinin sənayedə tətbiqinin reallaşdırılması, xüsusilə propilendən propilen oksidinin, etilenqlikoldan qlioksanın, fenoldan tsikloheksanonun alınmasının texnoloji proseslərinin pilot qurğularda həyata keçirilməsi üçün onların kinetikasının dərindən öyrənilməsi və riyazi modelləşdirilməsi sahəsində aparılan araşdırmalar barədə məlumat verdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Daha sonra akademik Dilqəm Tağıyev bu ilin noyabr ayında institutun 80 illik yubileyi münasibətilə keçiriləcək konfrans haqqında məlumat verib. Bildirib ki, konfrans çərçivəsində “Akademik Murtuza Nağıyev qiraətləri"nin də təşkili, həmçinin gənc tədqiqatçılar üçün “Akademik Mürtuza Nağıyev adına mükafat” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: