Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2016 13:50
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbənin növbəti seminar-məşğələsi keçirilib

İkinci xüsusi şöbənin növbəti seminar-məşğələsi keçirilib

AMEA Rəyasət Heyətində İkinci xüsusi şöbənin növbəti seminar-məşğələsi keçirilib.

Akademiyanın institut və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İkinci xüsusi şöbənin rəisi Eldar Quliyev plan üzrə nəzərdə tutulan məsələləri diqqətə çatdırıb.

Eldar Quliyev bildirib ki, Azərbaycan  ərazisinin ekologiyası və təbii sərvətlərinin öyrənilməsi, qorunması, onlardan səmərəli istifadə dövlət qurumları ilə yanaşı, elm adamlarının, tədqiqatçıların da qarşısında duran ən vacib məsələlərdəndir. Ölkəmizin zəngin floraya malik olduğunu söyləyən şöbə rəisi faydalı, təbii bitkilərin müxtəlif ekoloji-coğrafi şəraitə malik zonalarda yayılmasının, onlardan ərzaq, dərman, xammal kimi istifadənin imkanlarının öyrənilməsinin elmi və iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, respublikamızda yayılan 4500-dən artıq yabanı bitkinin 2500 növündən çoxunun iqtisadiyyatımız üçün faydalı xüsusiyyətlərə malik xammal hesab olunduğunu, bu istiqamətdə tədqiqatlar aparmaq üçün alimlərimizin müxtəlif rayonlarda təcrübələr keçdiyini, ekspedisiyalarda iştirak etdiyini bildirib.

Eldar Quliyev çıxışının sonunda Nəsrəddin Tusinin "Təbiətin bizə bəxş etdiyi möcüzələrin sirrini yalnız elmin gücü ilə açmaq olar" sitatını misal gətirib.

Sonra Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Eldar Novruzovun "Azərbaycanın florası sağlamlığın keşiyində" mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycan florasının hərtərəfli, planlı və dərindən öyrənilməsinə ötən əsrin 30-cu illərindən başlanılıb. Eldar Novruzov vurğulayıb ki, institutda aparılan elmi-tədqiqat işlərinin əsas məqsədi botanika elminin bu sahədə olan nəzəri məsələlərinin həlli ilə yanaşı, ölkənin xalq təsərrüfatının, xüsusilə insan sağlamlığının qorunmasını təmin edən xammal mənbələrinin aşkar edilməsidir.

Ölkəmizdə boyaq bitkilərinin öyrənilməsi nəticəsində toxuculuq sənayesində istifadə edilən 123 bitkinin aşkarlandığını deyən məruzəçi 1970-ci illərdə onların sayının 450 növlə məhdudlaşdırıldığını, hazırda isə bu rəqəmin 1200 növdən çox olduğunu vurğulayıb.

Eldar Novruzov dərman bitkilərinin geniş tədqiq edildiyini də diqqətə çatdırıb: "Müharibədən əvvəl və müharibə illərində dərman bitkilərinin hərtərəfli öyrənilməsinə dair geniş tədqiqatlar aparılıb. Nəticədə Azərbaycan xalq təbabətində və elmi təbabətdə istifadə edilən dərman bitkilərinin tam siyahısı hazırlanıb, onlardan istifadə haqqında geniş farmokoloji tədqiqatlar aparılıb, əldə olunmuş nəticələr birbaşa müharibədə istifadəyə və insanların sağlamlığına yönəlib. Müxtəlif ölkələrin farmokopeyasının və bitkilərin farmokoloji və kimyəvi tədqiqinə dair yazılmış məqalələrin analitik araşdırılması nəticəsində hazırda Azərbaycan florasının tərkibində 1547 növ dərman bitkisinin olduğu müəyyən edilib. 600 növ nektarlı, onlardan 400 növü bal verən, 200 növdən çox zəhərli, 800 növ yem bitkisi, onlardan 200 növünün yem dəyəri, 300 növdən çox vitaminli bitki ətraflı öyrənilib".

Alim vurğulayıb ki, bitki ehtiyatları sahəsində tədqiqatlar həmişə insan sağlamlığının qorunmasına yönəldilib. Böyrəküstü vəzin bəzi hormonlarının çatışmazlığı nəticəsində orqanizm artrit, artroz, padaqra, revmatizm və digər ağır nəticələri olan bir sıra iltihabi xəstəliklərə tutulur. Ötən əsrin əvvəlində müəyyən edilmişdir ki, bu xəstəliklərin müalicəsi və qarşısının alınmasında böyrəküstü vəzidən alınan bəzi steroid tipli maddələrdən kartizon, hidrokartizon, prediazon və s. tibbi preparatları sintez etməklə istifadə müsbət nəticə verir.

Biokimyəvi tədqiqatlardan danışan alim bildirib ki, hər hansı faydalı xassəli kimyəvi yolla müəyyən edilən dərman, qida, vitaminli, boyaq, aşılayıcı bitkilərdən bu maddələrin maksimum toplanma vaxtı, onlara təsir edən ekoloji faktorlar müəyyən edilir və bitkilərdən istifadə elmi əsaslandırılır.

Eldar Novruzov həyata keçirilmiş texnoloji tədqiqatlar nəticəsində aşı ekstraktının, təbii yeyinti rənglərinin, kumarinlərin, seskviterpen laktonlarının, antosianların, flavonoidlərin, bioloji fəal bitki yağlarının və s. alınmasının yeni, səmərəli rəqabətədavamlı texnologiyaları hazırlandığını söyləyib. Qeyd edib ki, bitkilərin növ tərkibi, kimyası, biokimyası ilə yanaşı, sənaye əhəmiyyətli bitkilərin – biyan, itburnu, çaytikanı, nanə, kəklikotu, yemişan və digər faydalı bitkilərin ehtiyatı da öyrənilib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Tədbirdə müzakirə olunan növbəti məsələ Akademiya prezidentinin "AMEA-nın elmi müəssisələrində Mülki Müdafiə planlarının tərtib edilməsi barədə" 22 fevral 2016-cı il tarixli Sərəncamının icrası barədə olub. İkinci xüsusi şöbənin rəisi Eldar Quliyev sərəncamın icra vəziyyəti ilə bağlı məlumatları diqqətə çatdırıb. Bildirib ki, bütün elmi müəssisələrdə Mülki Müdafiə planları sərəncama uyğun tərtib edilib və regional təşkilatlarla razılaşdırılıb.

Sonda AMEA-nın institut və təşkilatlarında keçirilən rəhbər heyətin MM məşqləri, 2016-cı ilin yarım ilinin yekunları, həmçinin cari məsələlər haqqında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: