Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.06.2016 13:11
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun direktoru Türkiyədə “Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpoziumda iştirak edib

Dendrologiya İnstitutunun direktoru Türkiyədə “Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpoziumda iştirak edib

Türkiyənin Antalya şəhərində “SEAB-2016. Avrasiyada biomüxtəliflik” mövzusunda Beynəlxalq simpozium keçirilib.

Pamukkale Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın Dendrologiya və Botanika institutları, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetindən olan alim və mütəxəssislər iştirak ediblər.

“SEAB–2016. Avrasiyada biomüxtəliflik” simpoziumunun həmsədrləri – Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Azərbaycanın Türkiyə Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova olublar.

Beynəlxalq tədbirdə AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda biomüxtəlifliyin qorunması istiqamətində dövlət tərəfindən müxtəlif qanun və sərəncamlar verilib, bu məsələ dövlət proqramlarında öz əksini tapıb. Biomüxtəlifliyin öyrənilməsi sahəsində aparılan tədqiqat işlərindən danışan T.Məmmədov qeyd edib ki, Dendrologiya İnstitutu Azərbaycanın təbii və mədəni florasının hərtərəfli monitorinqini aparır, nadir və nəsli kəsilməkdə olan bitkiləri tədqiq edir. 

Qeyd olunub ki, simpoziumun keçirilməsinin əsas məqsədi Avrasiyada elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qurumları, yerli və xarici cəmiyyət icmaları nümayəndələrinin bir araya gələrək müzakirələr aparmasıdır.

Tədbirdə qətnamə qəbul edilərək növbəti “SEAB-2017” simpoziumunun Belarusiyanın Minsk şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, seçilmiş mövzular impakt faktorlu IJSM jurnalında “Avrasiyada biomüxtəliflik” simpoziumu adı altında dərc ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: