www.science.az
31.05.2016 10:01

Azərbaycanlı alimlər çinli həmkarları ilə əməkdaşlıq edəcəklər

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Tarix və Arxeologiya və Etnoqrafiya institutlarında olub.

Çinli qonaqlarla görüşdə Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirib ki, qədim dövrün mədəniyyətlərini özündə birləşdirən Azərbaycanda arxeologiya elmi böyük nailiyyətlərə imza atmışdır. Ümummilli lider Heydər Əliyev və onun siyasətinin əvəzedilməz davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf etmiş Azərbaycan arxeologiyası artıq beynəlxalq səviyyədə ayrıca bir elmi məktəb kimi tanınmışdır. 10 ilə yaxındır ki, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Fransa, Almaniya və digər ölkələrin arxeoloji qruplarının Azərbaycan arxeoloqları ilə sıx əməkdaşlıq etdiyini söyləyən M.Rəhimova Çin Xalq Respublikasının arxeoloqları ilə əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib.

M.Rəhimova çinli mütəxəssisləri Qarabağın  maddi mədəniyyətinə həsr olunan beynəlxalq elmi konfransa dəvət edib.

AMEA-nın müxbir üzvü İlyas Babayev son dövrlərdə Almaniya və Koreya arxeoloqları ilə birgə tədqiqatlar zamanı Azərbaycan ərazisinin müxtəlif bölgələrində e.ə. II əsrdən etibarən qədim Çində istehsal edilmiş müxtəlif çeşidli artefaktların tapıldığını bildirib.

Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilən görüşdə ÇİEA-nın vitse-prezidenti Tsay Fan Çində fəaliyyət göstərən Arxeologiya İnstitutu və onun beynəlxalq layhələri barədə məlumat verib, hər il Şanxayda keçirilən Ümumdünya Arxeoloqlarının Konqresində Azərbaycan nümayəndələrinin də iştirakının zəruriliyini vurğulayıb.

Tarix İnstitutunda keçirilən görüşdə isə ÇİEA ilə Tarix İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıqdan söz açıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.