www.science.az
31.05.2016 09:18

Çin İctimai Elmlər Akademiyası ilə Şərqşünaslıq İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 27-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Nümayəndə heyətinə ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Van Ley, ÇİEA-nın İqtisadiyyat İnstitutunun direktoru Pey Çanxun, akademiyanın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunsyuan və ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Tszin Çje daxil idi.

Görüşdə Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Azərbaycan və Çin arasında siyasi, iqtisadi, elmi əlaqələrin inkişafından söz açıb, çinli alimlərə rəhbərlik etdiyi institutda aparılan tədqiqatların istiqamətləri barədə məlumat verib. G.Baxşəliyeva ənənəvi olaraq fars, türk və ərəb dili, ədəbiyyatı və müvafiq ölkələrin tarixi sahəsində tədqiqatların aparıldığı Şərqşünaslıq İnstitutunda son zamanlar Uzaq Şərq ölkələrinin də tədqiqinə başlanıldığını qeyd edib. O, institutun Asiya – Sakit Okean regionu ölkələri şöbəsində regionun bir çox ölkələri, o cümlədən Çinlə bağlı tədqiqatların aparıldığını bildirib. G.Baxşəliyeva çinli qonaqlara Şərqşünaslıq İnstitutu haqqında ətraflı məlumatın dərc olunduğu ingilis dilində buklet və İnstitutda hazırlanmış “Çin Xalq Respublikası” adlı məlumat kitabını təqdim edib.

Sonra institutun Asiya – Sakit Okean regionu ölkələri şöbəsinin müdiri, c.ü.f.d. Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi şöbənin fəaliyyəti barədə məlumat verib, burada Çinin və digər region ölkələrinin dili, ədəbiyyatı, qədim tarixi və müasir inkişafına dair tədqiqatların aparıldığını bildirib. Çinşünas alim R.Abbasov özünün hazırladığı və Çin-Azərbaycan münasibətlərinə həsr olunmuş “İlham Əliyev – qədim xalqların dostluğunun müasir davamçısı” kitabı və ölkəmizdə bu sahədə ilk olan “Çin dili” dərsliyi barədə də qonaqlara məlumat verib.

Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev Çinlə Avropanı birləşdirən və Azərbaycandan keçən İpək Yolundan danışaraq, bu mövzunun elmi cəhətdən öyrənilməsinin həm Çin, həm də Azərbaycan üçün əhəmiyyətli olacağını vurğulayıb.

ÇİEA-nın vitse-prezidenti Tsay Fan elmi müəssisələr arasında əməkdaşlığın perspektivindən söz açaraq, təmsil etdiyi qurumda iqtisadi inkişafla, çinşünaslıqla bağlı seminarların, kursların keçirildiyini söyləyib. O, gənc Azərbaycan alimlərini bu tədbirlərdə iştiraka dəvət edib.

İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova elmi müəssisələr arasında əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib.

Görüşün sonunda ÇİEA-nın vitse-prezidenti Tsay Fan Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevaya xatirə hədiyyəsi təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.