Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.01.2014 00:00
  • A-
  • A
  • A+

Avropa Birliyinin 7-ci Çərçivə Proqramının davamı olan “Horizon 2020”-nin təqdimatı keçirildi

Avropa Birliyinin 7-ci Çərçivə Proqramının davamı olan “Horizon 2020”-nin təqdimatı keçirildi

17 yanvar 2014-cü il tarixdə AMEA Rəyasət Heyətində Avropa Birliyinin 7-ci Çərçivə Proqramının (FP7) davamı olan “Horizon 2020”-nin təqdimat mərasimi keçirildi.

Tədbirdə AMEA-nın institut və təşkilatlarının nümayəndələri iştirak edirdilər.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan idarənin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev 2014-cü ildən etibarən 7 il müddətinə nəzərdə tutulan bu proqramın AMEA alimlərinin qrant layihələrdə iştirakını təmin etmək məqsədi daşıdığını diqqətə çatdırdı. Qeyd etdi ki, büdcəsi 80 milyard avro civarında olan layihədə 60 min alimin iştirakı nəzərdə tutulur.

Proqramın təqdimatı ilə çıxış edən AMEA Kibernetika İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev proqrama dair sənədlərin tərtib edilmə qaydaları, “Horizon 2020” haqqında ətraflı məlumat verdi.

“Horion 2020”-nin elmin inkişafının daha yüksək səviyyəyə qaldırılması, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqi, cəmiyyətdə sağlam həyat və qidanın təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji və digər təbii ehtiyatların səmərəli istifadə edilməsinə yönəlmiş tədqiqatlar aparmağa istiqamətləndiyini söylədi.

Layihənin yeni ideyaların iqtisadi bazara gətirilməsinə kömək edəcəyini qeyd edən T.Babayev, həmçinin dünyanın aparıcı alimlərinin tədqiqatlarının dəstəklənməsi, təhsil və karyera imkanlarının artması, Avropanın tədqiqat infrastrukturunun inkişafı və s. şərait yaratdığını bildirdi. Qeyd etdi ki, əsas məqsəd rəqabətə davamlı sənaye, yüksək səviyyəli elm və inkişaf etmiş cəmiyyətin yaradılmasıdır.

Alim proqramın Azərbaycan alimlərinin elmi potensialının üzə çıxarılması baxımından yaratdığı imkanlardan, ayrılan vəsaitin istiqamətlərindən, gözlənilən elmi nəticələrdən danışdı.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: