www.science.az
27.05.2016 12:31

“Geomexanika” seminarında qazkondensat yataqlarının işlənilməsi prosesi ilə bağlı müzakirələr aparılıb

Mayın 26-da AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçirilib.

Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Hətəm Quliyev layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söyləyib. Bildirib ki, seminarda AMEA-nın müxbir üzvləri Zöhhak AbbasovQərib Calalov və t.e.d. Xasay Feyzullayevin “Qazkondensat yataqlarının işlənilməsi prosesinin fiziki və riyazi modelləşdirilməsi” mövzusunda təqdim edəcəkləri məruzə olduqca aktualdır.

Sonra t.e.d. Xasay Feyzullayev məruzəni təqdim edib. Məruzədə bildirilib ki, qazkondensat yataqlarının tükənmə rejimində işlənilməsi kifayət qədər kondensat itkisinə gətirib çıxarır. İstismar quyusu vasitəsi ilə laydan qazkondensat qarışığının hasil olunması zamanı quyudibi zonada yerli hidravlik müqavimət artır və nəticədə quyudibi təzyiq cari orta lay təzyiqindən xeyli aşağı düşür. Quyudibi zonada maye kondensatın çökməsi və toplanması quyuda qarışığın süzülmə müqavimətini artırır. Layın işlənilməsi zamanı lay qarışığının quyudibi zonada süzülməsi zamanı yaranan təzyiq itkisi laydan nəinki maye karbohidrogenlərin, həmcinin qazın da yüksək çıxarılma əmsalına çatdırılmasına imkan vermir.

X.Feyzullayev qeyd edib ki, bu vəziyyətin qarşısının alınması və istismarın səmərəliyinin artırılması üçün laya əsaslandırılmış müxtəlif təsir üsullarının işlənilməsi aktual məsələ olaraq qalır.

Bildirilib ki, qazkondensat yataqlarının təbii rejimdə işlənilməsi, yatağa və quyudibinə müxtəlif təsir üsulları zamanı işlənilmə göstəricilərinin proqnozlaşdırılması çoxkom­ponentli süzülmə nəzəriyyəsinə əsaslanan modellərdən (lay fluidlərinin süzülməsi zamanı fazalarınıın fiziki-kimyəvi xassələrini və kütlə mübadiləsini nəzərə alan) istifadə edilməsini tələb edir.

Məruzədə qazkondensat yataqlarının işlənilməsi prosesinin tədqiqi üçün istifadə olunması nəzərdə tutulan çoxkomponentli süzülmə modelinin nəzəri bazası (maye-qaz sisteminin tarazlığını ifadə edən tənliklər sistemi və hal tənliyi, maye fazanın pcevdokomponentlərə ayrılma qaydası və onların böhran nöqtələri, ədədi həll alqoritmi və s.) təkmilləşdirilib və onun əsasında tədqiq olunan bir sıra məsələlərin nəticələri şərh olunub. Həmçinin termodinamiki eksperimental məlumatların və hesablamaların nəticələri əsas götürülməklə qazkondensat layının işlənilməsinin intensifikasiyası imkanları çoxkomponentli süzülmə modelinin nəzəri bazası əsasında laya müxtəlif təsir üsulları  ilə araşdırılıb.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.