www.science.az
27.05.2016 11:34

Məktəblilər AMEA-nın H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin Binəqədi fauna və flora qəbiristanlığında qazıntılar aparıblar

Bakı Avropa Liseyinin 11-ci sinif şagirdləri AMEA-nın H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin Binəqədi fauna və flora qəbiristanlığında olublar. Məktəblilər buz dövründən qalmış və 100 min ildən çox yaşı olan paleontoloji ərazidə 3 ay qazıntılar aparıblar.

“Sabahın alimləri” müsabiqəsi çərçivəsində həyata keçirilən çöl işləri zamanı şagirdlər kərgədanın qabırğa və bud sümüklərini, quşların kəllə və digər hissələrini, həmçinin yüzlərlə böcəklər aşkarlayıblar. Liseyin fəalları müsabiqədə respublika üzrə 3-cü yerə layiq görülüblər.

Qeyd edək ki, muzeyi may ayında 2700-dən çox şagird, müəllim və valideyn ziyarət edib. Abşeron yarmadasında yaşayan ziyarətçilər 50-dən çox məktəbi təmsil ediblər. Məktəblilərə muzeyin kolleksiyası, o cümlədən onurğalı və onurğasız heyvanlar, faydalı qazıntı tapıntıları barədə ətraflı məlumat verilib.

Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən 6 universitetin 450-dən çox tələbəsi də muzeyi ziyarət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.