Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.05.2016 18:46
  • A-
  • A
  • A+

AMEA-nın Alimlər Evində görkəmli geoloq alim, akademik Xoşbəxt Yusifzadə ilə görüş keçirildi

AMEA-nın Alimlər Evində görkəmli geoloq alim, akademik Xoşbəxt Yusifzadə ilə görüş keçirildi

Mayın 26-da AMEA-nın Alimlər Evində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Dövlət Mükafatı laureatı, “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenli, akademik Xoşbəxt Yusifzadə ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Alimlər Evində təşkil olunan bu görüşün əhəmiyyətini vurğulayaraq, əsas məqsədin görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadəni daha yaxından tanımaq olduğunu bildirdi. 

Azərbaycan neft sənayesinin inkişafında mühüm xidmətləri olan görkəmli alimin həyat və fəaliyyətindən söz açan akademik A.Əlizadə qeyd etdi ki, Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsi üçün gərgin əmək sərf etmiş geoloq-alimin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında ən maraqlı hekayətdir.  Neftçi-alimin fəaliyyəti hər bir gənc azərbaycanlı neftçi üçün örnəkdir.

AMEA-nın rəhbəri akademikin elmi nailiyyətlərindən, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan neft strategiyasından, “Əsrin müqaviləsi”nin imzalanmasından, akademik X.Yusifzadənin iştirakı ilə bir sıra neft yataqlarının aşkar olunmasından və hasilatından söz açdı. Qeyd etdi ki, X.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20 neft və qaz-kondensat yatağı kəşf edilib. Bunlardan Xəzərin Azərbaycan sektorunda ”Bahar”, ”Səngəçal-dəniz”, ”Duvannı-dəniz”, ”Xərə-Zirə adası”, ”Xərə-Zirə-dəniz”, ”Günəşli”, ”Çıraq”, ”Azəri, ”Kəpəz”,”Şahdəniz” və digər yataqları göstərmək olar; “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının alim tərəfindən kəşf edilməsi müasir dövrümüzdə Azərbaycanın gələcək inkişafını da təmin edib. Vurğulandı ki, Xoşbəxt müəllimi, eyni zamanda Azərbaycan neft-qaz sənayesinin canlı ensiklopediyası da adlandırmaq olar.

Qeyd olundu ki, alimin fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın bir sıra ali mükafatlarına layiq görülüb.

Sonra akademik Xoşbəxt Yusifzadə Azərbaycan neftinin tarixindən, “Əsrin müqaviləsi” ilə bağlı əsas məqamlardan, xarici şirkətlərlə aparılan danışıqlardan, imzalanan müqavilələrdən, ulu öndər Heydər Əliyevin neft strategiyasının bəhrələrindən danışdı. “Əsrin müqaviləsi” ərəfəsində ölkədəki vəziyyətin ağır olduğunu söyləyən akademik belə bir çətin və mürəkkəb vaxtda ikinci dəfə siyasi rəhbərliyə gələn ümummilli liderin respublikanın neft sənayesi ilə yaxından məşğul olmağa başladığını söyləyib. Bu sahənin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan akademik tarixə “Əsrin müqaviləsi” adi ilə daxil olan ilk neft kontraktlarının iqtisadi və siyasi cəhətlərini təhlil etdi, bu tarixi müqavilə ilə Azərbaycanın neft sənayesində yeni mərhələnin başlanıldığını qeyd etdi.

Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyev təməli “Əsrin müqaviləsi” ilə qoyulmuş neft-qaz strategiyasını bu gün uğurla inkişaf etdirir, yeni çalarlarla zənginləşdirir. Ömrünün 63 ilini Azərbaycanda neft elminin və sənayesinin inkişafına həsr etdiyini söyləyən akademik hər bir uğurun və nailiyyətin əsasında zəhmətin olduğunu söylədi.

Akademik X.Yusifzadə belə görüşlərin təşkili üçün AMEA rəhbərliyinə təşəkkürünü bildirdi.

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan neft sənayesinin canlı əfsanəsi X.Yusifzadənin fəaliyyətindən və bu sahənin inkişafında akademikin tarixi xidmətlərindən danışdı.

Sonda X.Yusifzadəyə həsr olunan film nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: