Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvanda keçirilən elmi-praktik konfransda Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal tariximizdəki yeri və rolu ətraflı təhlil olunub
26.05.2016 13:51
  • A-
  • A
  • A+

Naxçıvanda keçirilən elmi-praktik konfransda Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal tariximizdəki yeri və rolu ətraflı təhlil olunub

AMEA Naxçıvan Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk demokratik respublika” mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibəti ilə keçirilən tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizə mühüm hadisə kimi daxil olmuşdur. Müstəqil və demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndən də göründüyü kimi, bu möhtəşəm tarixi hadisə xalqımızın müstəqillik amalını daha da gücləndirmişdir.

Bildirilib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Təsadüfi deyildir ki, xalqımız Cümhuriyyətin yaradılmasının elan olunduğu bu şərəfli tarixi “Respublika Günü” kimi bayram edir.

Qeyd edilib ki, XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi üçün qətiyyətli tədbirlər görmüş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoymuşdur. 

Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun milli dövlət quruculuğu sahəsində fəaliyyəti mövzusunda məruzə ilə çıxış edib. 

Məruzədə vurğulanıb ki, öz qısa fəaliyyəti dövründə demokratik idarəçilik prinsiplərinin bərqərar olması istiqamətində mühüm addımlar atan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, müsəlman və türk dünyasının tarixinə ilk parlamentli respublika kimi daxil olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal tariximizdəki yerinin və rolunun ətraflı təhlil olunduğu konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: