www.science.az
26.05.2016 10:21

Abel mükafatı britaniyalı riyaziyyatçı alimə təqdim olunub

Böyük Britaniyanın Oksford Universitetinin professoru Endrü Uayls “Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına  layiq görülüb.

Mükafat alimə 1994-cü ildə təqdim etdiyi Böyük Ferma teoreminin isbatına görə verilib. Teoremi isbat etmək üçün tədqiqatçı tərəfindən elliptik əyrilər nəzəriyyəsi tətbiq edilib. Alimin riyaziyyat elminə verdiyi bu töhfə gələcək elmi nəticələrin əldə olunmasında geniş imkanlar yaradacaq.

Dəyəri 700 min ABŞ dolları olan bu mükafatın təqdimetmə mərasimi mayın 24-də Norveçin paytaxtı Oslo şəhərində baş tutub.

Fəxri mükafatı alimə Norveç krallığının vəliəhdi - şahzadə Xokon Maqnus təqdim edib.

Qeyd edək ki, hazırda Endrü Con Uayls ABŞ-ın Prinston Universitetində riyaziyyat üzrə professordur. O, Böyük Ferma teoremini isbat etmək cəhdinə ilk dəfə hələ on yaşında olarkən təşəbbüs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.