Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.05.2016 15:17
  • A-
  • A
  • A+

AMEA-nın “Xızı” KTİK ərazisində Yay otlağının dayanaqlı idarə edilməsi elmi əsaslarla qiymətləndirilib

AMEA-nın “Xızı” KTİK ərazisində Yay otlağının dayanaqlı idarə edilməsi elmi əsaslarla qiymətləndirilib

Məlumdur ki, AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin (KTİK) balansında 1705 hektar torpaq sahəsi vardır. Torpaq sahəsinin 700 hektarı kənd təsərrüfatına yararlı, 1005 hektarı isə heyvandarlığın inkişafı ilə əlaqədar otlaq və biçənək sahələrindən ibarətdir. Həmin torpaq sahələrində aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafında, əhalinin ayrı-ayrı kənd təsərrüfatı məhsullarına olan təlabatının ödənilməsində torpaq münbitliyinin yaxşılaşdırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahəsinin mühafizəsi, otlaqların yaxşılaşdırılması və bitkilərin botaniki zənginliyinin qoruyub saxlanılması mühüm əhəmiyyət kəsb edir. Təsərrüfatın torpaqlarının münbitliyinin bərpası ilə vaxtında zəruri aqrotexniki tədbirlərin həyata keçirilməməsi, həmçinin torpaqların mühafizəsi sahəsində mövcud standartlar və normativlərin tələblərinə əməl olunmaması səbəbindən bir çox hissələrdə torpaq örtüyünün eroziyaya uğraması, şoranlaşması, texnogen pozuntulara məruz qalması, humusun və s. qida mənbələrinin torpağın məhsuldar qatında yuyulması halları müşahidə edilmişdir.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru v.i.e., aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev və AMEA-nın İşlər İdarəsinin Aqropark sektorunun müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Çingiz Əliyev “Xızı” KTİK ərazisində Yay otlağının dayanaqlı idarə edilməsini elmi əsaslarla qiymətləndirmişlər.

Məlum olmuşdur ki, burada yay otlağının əsas hissəsi dəniz səviyyəsindən 1320 metrdən yüksəklikdə dağ və dağətəyi zonada yerləşir. Yay otlağının dağ və dağətəyi çəmənliyinin 60-70 %-nin meyillik bucağı 35-45 dərəcə təşkil etməklə qalan hissəsi yamaclarda yerləşmişdir.  Otlaq sahələri taxıl otları ilə yanaşı qarışıq tərkibli müxtəlif yem bitkiləri ilə zənginləşmişdir. Eyni zamanda, həmin sahələrdə yayılmış paxlalı bitkilərin əksəriyyəti çoxilliklərdir. Bitki örtüyünün tərkibində təxminən 30-a yaxın paxlalı bitki növü vardır.  Onların 90 %-i çoxillik, az hissəsi ilə birillik bitkilər təşkil edir. Bitki örtüyünün bir hissəsini qılçıqsız tonqalotu (Bromus inermius), Qafqaz nazikbaldırı (Koleria caucasica), bənövşəyi arpa (Horeum violaceum), çəmən qırtıcı (Poa prontensis), çəmən topal (Festuca prontensis), qırmızı üçyarpaq yonca (Trifolium protensis), ağ üçyarpaq yonca (Trifolium repens) və s. təşkil edir.

Qeyd etmək lazımdır ki, otlaqaltı torpaqların meyilli yamaclarının orta dərəcədə külək eroziyasına uğraması nəticəsində torpağın münbit üst qatının strukturu qismən pozulmuş, bu da bitki örtüyünün seyrəkləşməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur.

Qarşıda duran bu məsələlərin aradan qaldırılması üçün əkinçilik mədəniyyətinin yüksəldilməsi, elmin istehsalat əlaqəsinin möhkəmləndirilməsi, bu sahəyə aid olan mövcud texnoloji prosesləri təkmilləşdirməklə bərabər, müasir texnologiyanın tətbiq edilməsi, elmi-texniki nailliyyətlərin, qabaqcıl təcrübənin həyata keçirilməsi və onlardan səmərəli istifadə olunması tələb olunur. Bu məqsədlə AMEA-nın alim və mütəxəssisləri birgə səy göstərməli, problemlərin həllində fəal iştirak etməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: