www.science.az
23.05.2016 09:40

ABŞ alimləri özü bərpa olunan izolyasiyalı material yaradıblar

ABŞ-ın Pensilvaniya Universitetinin alimləri plastik kütlə əsasında özü bərpa olunan dielektrik material yaratmağa müvəffəq olublar. Tədqiqatın nəticəsi “Advanced Functional Materials” jurnalında dərc edilib.

“Gizmag” nəşri yazır ki, qeyri-adi material qrafeni xatırladan, lakin elektrik keçirməyən nitrid borun nanoborularından ibarət örtüyə malik polimer nanokompozit material əsasında yaradılıb. Bu örtük materialı daha da möhkəm edərək onun istilik keçirmə xassəsini yaxşılaşdırıb.

Alimlər özü bərpa olunan material yaratmaqdan ötrü hidrogen əlaqələrin köməyi ilə nitrid borun nanoborularını birləşdiriblər. Nəticədə material elektrostatik cazibə qüvvəsinin sayəsində özünü tamamilə bərpa edə bilir.

Materialın bərpa etmə qabiliyyəti son dərəcə heyrətləndiricidir. Belə ki, tədqiqat zamanı alim nümunə materialı qayçı ilə kəsir, sonra onu birləşdirərək 80 selsi dərəcəyədək qızdırır. 30 dəqiqə sonra material öz xüsusiyyətlərini tamamilə bərpa edir və möhkəmliklə bağlı sınaqdan uğurla keçir.

www.gizmag.com