www.science.az
19.05.2016 17:31

AMEA Rəyasət Heyətində Türkiyənin Aydın Universitetinin rektoru ilə görüş keçirilib

Mayın 19-da AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkiyənin Aydın Universitetinin rektoru, Avrasiya BİL Holdinq Himayədarlar Şurasının sədri, professor Mustafa Aydınla görüşüb.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli ölkəmizdə elmə və elm adamlarına yüksək dövlət dəstəyinin göstərildiyini xüsusi vurğulayaraq, son illərdə Akademiyada aparılan islahatlardan söhbət açıb. Alim cari dərs ilindən akademiyada magistratura təhsilinin yaradılması, həmçinin doktorantura sahəsindəki yeniliklərdən danışıb.

Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini söyləyən akademik İsa Həbibbəyli iki ölkə arasında elm sahəsində mövcud əlaqələrdən söz açıb. Qardaş ölkənin ali təhsil müəssisələri ilə magistratura və doktorantura sahəsində birgə əməkdaşlığın əhəmiyyətini vurğulayan AMEA-nın vitse-prezidenti bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Türkiyənin Aydın Universitetinin rektoru, professor Mustafa Aydın Türkiyə universitetlərinin dünyanın bir sıra qabaqcıl dövlətlərinin elmi müəssisələri ilə əməkdaşlığı barədə ətraflı məlumat verib. O, Akademiya ilə magistratura və doktorantura təhsili üzrə birgə əlaqələrin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin və holdinqin əldə etdiyi nailiyyətlərdən danışıb. Professor Mustafa Aydın iki ölkənin elm və təhsil qurumlarının birgə elmi fəaliyyətinin önəmliliyini xüsusi vurğulayıb.

Akademik İsa Həbibbəyli və professor Mustafa Aydın AMEA ilə Türkiyə universitetləri arasında elmi əlaqələrin perspektivlərini müzakirə edərək, magistratura və doktorantura sahələrində qarşılıqlı əməkdaşlıq imkanları barədə razılığa gəliblər.

Görüşdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev və Aydın Universitetinin əməkdaşları da iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.