www.science.az
19.05.2016 15:26

Biologiya və Tibb Elmləri Bölməsinin iclasında mühüm məsələlər müzakirə olundu

Mayın 19-da AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB)  növbəti büro iclası keçirildi.

Tədbirdə bölmənin büro üzvləri ilə yanaşı, AR Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Baytarlıq İnstitutu və AR Səhiyyə Nazirliyinin Tibbi Profilaktika İnstitutunun əməkdaşları iştirak edirdi.

Əvvəlcə iclasda bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verdi.

Sonra AMEA-nın Polimer Materialları İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Niyazi Rəsulzadə “Azərbaycanda baytarlıq vaksinlərinin, bioloji və biotexnoloji məhsulların istehsalı” mövzusunda məruzəsini təqdim etdi. Məruzəçi son illər baytarlıq xidmətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, ölkəmizin kənd təsərrüfatının heyvandarlıq sektoru strateji sahələrdən sayılan qida məhsullarının artımında mühüm rol oynayır. Bəzi problemlərin bu sahələrin inkişafına, xüsusilə yoluxucu xəstəliklərlə mübarizənin aparılmasına mane olduğunu söyləyən N.Rəsulzadə bildirdi ki, baytarlıq xidməti strukturları mövcud xəstəliyi vaxtında aşkar etməyi, peyvəndlərin və bioloji maddələrin təcili tədbiqini təmin etməyi qarşıya məqsəd qoyub.

Baytarlıq vaksinlərinin istehsalı, beynəlxalq arenada bu prosesin həyata keçirilməsi barədə məlumat verən natiq ölkəmizdə istifadə olunan vaksinlər və digər bioloji məhsulların böyük bir qisminin xarici ölkələrdən idxal olunduğunu qeyd etdi. O, vaksin istehsalının Azərbaycanda təşkil olunmasının vacibliyini vurğuladı.

Daha sonra AMEA-nın müxbir üzvü Amin İsmayılov “Azərbaycan Dövlət Torpaq Xəritəsi”nin (1:100000) nəşri ilə bağlı çıxış etdi. Bildirdi ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda mərhum alim, AMEA-nın müxbir üzvü Məmmədəmin Salayevin rəhbərliyi ilə hazırlanmış bu xəritə indiyədək çap olunmayıb və əlyazma hüququndadır. A.İsmayılov xəritənin hazırlanması ilə bağlı dəfələrlə müzakirələrin aparıldığını söyləyərək, zəngin məlumatlar əsasında irimiqyaslı, sanballı və müasir texnologiyalar əsasında “Azərbaycan Dövlət Torpaq Xəritəsi”nin (1:100000) nəşrinin önəmliyini vurğuladı.

İclasda BTEB-in Molekulyar Biologiya və Biotexnologiya, Zoologiya, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya institutlarında direktor seçkilərinin keçirilməsi məsələsinə də baxıldı. AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bölmə institutlarında direktor seçkilərinin keçirilmə qaydası barədə məlumat verdi. Bildirdi ki, seçkilər AMEA-nın Əsasnaməsinə uyğun olaraq səsvermə yolu ilə aparılır.

Tədbirdə, həmçinin akademik Adilə Namazovanın 90, AMEA-nın müxbir üzvləri Rafiq Qasımovun 85, Maqsud Qurbanovun 75 illik yubileylərinin qeyd olunması, Fiziologiya İnstitutunun strukturunda və Zoologiya İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi, həmçinin professor Paşa Zamanovun 90 illik yubileyi ilə əlaqədar “Biblioqrafik göstərici”nin çap olunması məsələlərinə də baxıldı.

Sonda bir sıra kadr məsələləri müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.