www.science.az
19.05.2016 13:58

Yer Elmləri Bölməsinin iclasında radonun yayılmasında geoloji faktorların roluna dair məruzə dinlənilib

Mayın 18-də AMEA Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.

Tədbirdə bölmə üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri və elmi katibləri iştirak ediblər.

Öncə AMEA-nın müxbir üzvü Çingiz Əliyev “Açıq və qapalı məkanlarda radonun yayılmasında geoloji faktorların rolu” mözusunda məruzəsini təqdim edib. Bildirib ki, Azərbaycanda qapalı məkanda və ətraf mühitdə radonun qatılığının təyini metodikası, alınan nəticələrin statistik emalının təsfiri məruzədə öz əksini tapır. “Qapalı məkanda ölçülmüş radonun qatılığı geniş həddə dəyişir” deyə bildirən məruzəçi Azərbaycanda aparılmış ölçmələrin yalnız 7%-nin normadan yüksək olduğunu (200 Bk/m 3–dən çox) diqqətə çatdırıb.

Alimin sözlərinə görə, alınmış məlumatların əsasında ilk dəfə olaraq radonun həcmi aktivliyi və binalarda radonun yüksək qatılığı xəritələri tərtib edilib. Radonun qatılığının yüksək qiymətləri dağlıq rayonların seysmik zonalarındakı dərin qırılmalarla üst-üstı düşür. Binalarda ölçülmüş radonun qatılığı torpaqda, mineral və termal sularda, palçıq vulkanlarında aparılan ölçmələrin nəticələri ilə korrelyasiya olunur. Belə nəticəyə gəlmək olar ki, yaşayış binalarında yerləşdirilən radonun yüksək qiymətləri təbii xarakter daşıyır.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

İclasda, həmçinin ARDNŞ-in Elm Fondunun 2014-cü ilin müsabiqəsinin qalibi olmuş “Cənubi Xəzər hövzəsinin qərb bortunun neftinin palinologiyası” adlı layihənin yekun hesabatı, Qafqazın neotektonik xəritəsinin hazırlanmasının gedişatı, o cümlədən AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının ABŞ-ın E.Lourens adına Milli laboratoriyasına, Berkli Universitetinə, Missuri Elm və Texnologiya Universitetinə ezam edilmələri məsələlərinə baxılıb, rəy və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.