Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2016 14:08
  • A-
  • A
  • A+

Akademik Əbdülkərim Əlizadənin anadan olmasının 110 illik yubileyinə həsr olunan tədbir keçirilib

Akademik Əbdülkərim Əlizadənin anadan olmasının 110 illik yubileyinə həsr olunan tədbir keçirilib

Mayın 16-da AMEA-nın Əsas binasında Şərqşünaslıq İntitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas alim, akademik Əbdülkərim Əlizadənin anadan olmasının 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva akademik Əbdülkərim Əlizadənin Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən söz açıb. Bildirilib ki, Azərbaycanda Şərqşünaslıq İnstitutunun yaradılmasında Ə.Əlizadənin mühüm xidmətləri olub. Bu elm müəssisəsinin ilk direktoru olan akademik ölkəmizdə şərqşünaslıq sahəsində məktəb yaradıb. Bu sahədə görkəmli alimlər yetişdirən akademik Ə.Əlizadə ölkəmizdə mətnşünaslığın banisi hesab olunur.

G.Baxşəliyeva qiymətli tədqiqat əsərləri, tərcümələri, mətnşünaslıq sahəsindəki misilsiz xidmətləri ilə müasir şərqşünaslıq elmimizin əsasını qoymuş alimin həyat və fəaliyyətindən söz açıb. Bildirilib ki, Əbdülkərim Əlizadə əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi. Görkəmli akademik Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni, Rəşidəddinin “Cami ət-təvarix”, Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dəstur əl-katib fi təyin əl-məratib” əsərlərinin elmi-tənqidi mətnlərini hazırlayıb. Akademikin yorulmaz fəaliyyəti daim dövlətimiz tərəfindən yöksək qiymətləndirilib. Ə.Əlizadə Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adına və bir sıra dövlət mükafatlarına layıq görülüb. Alimin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-da mütəmadi olaraq görkəmli alimlərin, klassiklərimizin yubileylərinə həsr olunan tədbirlərin təşkil olunduğunu söyləyib. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi görkəmli elm xadimlərimizin həyat və elmi yaraıcılığının təbliğ olunmasında və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Görkəmli alimin Azərbaycan şərqşünaslıq elmindəki xidmətlərini yüksək dəyərləndirən akademik İ.Həbibbəyli onun ölkəmizdə mətnşünaslıq sahəsində məktəb yaratdığını qeyd edib. 

Qeyd edilib ki, Ə.Əlizadə, həmçinin müasir tarixşünaslıqda sistemli elmi tədqiqatın əsasını qoyub, Azərbaycanın orta əsr tarixşünaslığının inkişafında da əvəzsiz rol oynayıb. Azərbaycan şərqşünaslığı üçün böyük töhfə olan alimin elmi irsi və fəaliyyəti bu gün şərqşünaslar tərəfindən öyrənməli və tədqiq edilməlidir.

Tədbirdə “Akademik Əbdülkərim Əlizadə və Azərbaycan şərqşünaslığı”, “Akademik Əbdülkərim Əlizadə mətnşünas alim kimi” və “Akademik Əbdülkərim Əlizadə necə varsa” mövzularında məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: