www.science.az
16.05.2016 12:08

Naxçıvan Bölməsində “Kimya tarixi” kitabının təqdimatı olub

AMEA Naxçıvan Bölməsində bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Kimya tarixi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev kitabın işıq üzü görməsi münasibətilə ziyalıları, kimyaçıları təbrik edib, nəşrin müəllifinə minnətdarlığını bildirib.

Sonra Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Kimya tarixinə dəyərli töhfə” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Bayram Rzayev kimya elminin müxtəlif elmi-nəzəri məsələləri ilə bağlı müxtəlif kitabların müəllifidir. Alimin yeni çapdan çıxmış “Kimya tarixi” kitabı da elmə verilmiş dəyərli töhfədir. Yeni nəşr kimya elminin keçdiyi inkişaf mərhələlərini özündə əks etdirir. Nəfis tərtibatla nəşr olunan kitab kimya ixtisası üzrə təhsil alan tələbələr, eləcə də tədqiqatçılar və oxucular üçün faydalı olacaqdır.

Tədbirdə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Təbii Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova, həmin institutun laboratoriya müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev çıxış edərək kitabın elmi əhəmiyyətindən  danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.