www.science.az
16.01.2014 00:00

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirildi.

Tədbirdə çıxış edən muzeyin direktoru, AMEA-nın müxbir üzvü, prof. Rafael Hüseynov həmin dövrdə olmuş hadisələri yada salaraq, 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söylədi: “24 il öncə baş vermiş hadisələri bir yandan bir faciə kimi xatırlayırıqsa, digər yandan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər”.

20 Yanvar hadisəsinə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini və məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verildiyini söyləyən R.Hüseynov bu gün respublikanın bütün bölgələrində keçirilən tədbirlərdə şəhidlərin xatirəsinin anıldığını, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırlayacağını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.