Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2016 09:06
  • A-
  • A
  • A+

“Tarix klubu”nun növbəti konfransı Şah Təhmasib Səfəviyə həsr olunub

“Tarix klubu”nun növbəti konfransı Şah Təhmasib Səfəviyə həsr olunub

Mayın 13-də AMEA Tarix İnstitutunun elmi-təşkilati dəstəyi ilə Azərbaycan Dillər Universiteti (ADU) tələbə gənclər təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən “Tarix klubu”nun Şah Təhmasib Səfəviyə həsr olunmuş konfransı keçirilib.

Tədbirdə dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açılıb.

ADU-nun prorektoru, professor Ələddin Əliyev konfransın vacib və aktual mövzuya həsr olunduğunu bildirib.

Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Tofiq Nəcəfli qeyd edib ki, Şah Təhmasib 235 illik Səfəvi imperiyasının yaradıcısı olan Şah İsmayıl Səfəvinin oğludur: “Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi”.

Professor Şahin Fazil bildirib ki, Şah Təhmasib Səfəvi-Osmanlı müharibələrində sülhə nail olub: “Bir sıra Avropa dövlətlərinin Səfəvilərdən Osmanlılara qarşı istifadə etmək cəhdləri təsirsiz qaldı və Şah Təhmasib onların təkliflərinə uymadı”.

Məlumat verilib ki, Azərbaycan xalqı orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb. Şah Təhmasib dövründə ağır damğa vergisinin ləğv edilməsi Azərbaycanda sənətkarlığın və ticarətin inkişafına müsbət təsir göstərib.

Konfransda çıxış edənlər bu cür tədbirlərin gənclərin tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətini dərindən öyrənmələri baxımından böyük əhəmiyyət daşıdığını söyləyiblər.

Sonda tarixçi alimlər tələbələrin suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: