www.science.az
13.05.2016 14:56

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Türkiyədə konfransda Azərbaycan lüğətçiliyi tarixindən bəhs edib

Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Türkiyənin Hacəttəpə Universitetində keçirilən “Lüğətçiliyin tətbiqi və araşdırılması mərkəzində “Azərbaycan lüğətçiliyi” mövzusunda konfransda iştirak edib.

Tədbirdə M.Nağısoylu “Azərbaycan lüğətçiliyinin tarixinə bir baxış” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XI əsrin lüğətşünası, şair Q.Təbrizinin “Ət-təfasir” adlı fars dilinin lüğətindən başlamış türkdilli lüğətlərə qədər ətraflı məlumat verilib. Həmçinin türkcə-farsca lüğətlər, farsca-türkcə lüğətlər, Azərbaycan dilinin izahlı lüğətindən də bəhs edilib.

XIX əsr rusca-türkcə lüğətlər haqqında da məlumat verən M.Nağısoylu bildirib ki, Sultan Məcid Qənizadənin 1897-ci ildə Bakıda çap etdirdiyi “Rusca-türkcə lüğət"ində xalq dilindən keçən sözlərin yer alması əsas məqamlardandır. S.M.Qənizadə sonradan bu lüğəti genişləndirmiş, 1909, 1922-ci illərdə yenidən çap etdirmişdir.

M.Nağısoylu Türkiyənin Hacəttəpə Universitetinin rəhbər heyəti ilə də görüşüb.

Görüşdə Dilçilik İnstitutu ilə Hacəttəpə Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Müştərək konfransların keçirilməsi, elmi araşdırmaların aparılması, doktorantura təhsil pilləsi üzrə elmi-pedaqoji kadr mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.