www.science.az
13.05.2016 13:35

İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri AMEA Rəyasət Heyətində olub

Mayın 13-də AMEA Rəyasət Heyətində İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış etdi. İki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrdən söz açan alim AMEA-nın İranın müvafiq elmi qurumları ilə birgə əməkdaşlıq etməkdə maraqlı olduğunu dilə gətirdi. 

A.Əlizadə ötən ilin noyabr ayında AMEA-nın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırdı. O, qonaqlara son zamanlar Akademiyada həyata keçirilən islahatlar, innovativ layihələr, prioritet elmi-istiqamətlərdə aparılan araşdırmalar haqqında ətraflı məlumat verdi. Rəhbərlik etidiyi qurumda humanitar, təbiət və dəqiq elmləri sahəsində aparılan tədqiqatlardan danışan alim qonağı neft geologiyası, palçıq vulkanları və digər sahələrdə birgə əməkdaşlığa səslədi.  

Sonra İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi çıxış etdi. O, İranda böyük bir məlumat mənbəyi olan “İslam ensiklopediyası”nın hazırlandığını qeyd etdi, Azərbaycan alimlərini də bu prosesdə iştirak etməyə dəvət etdi.

Qonaq Sədinin “Gülüstan” əsərindən danışaraq bu əsəri dünyanın bütün mədəni xalqlarının sevə-sevə oxuduğunu qeyd etdi. A.İbrahimi Azərbaycan alimlərini İran alimləri ilə birgə İslam dünyasının  görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına dair tədbirlər keçirməyə çağırdı.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış etdi. O, 40 cildlik İslam ensiklopediyasının müsəlman ölkələrində yayılan ən böyük ensiklopediya olduğunu, burada Azərbaycanın islami dəyərləri ilə bağlı mühüm faktların öz əksini tapdığını qeyd etdi. Bildirdi ki, Azərbaycan alimləri İslam ensiklopediyasının hazırlanması prosesində fəal iştirak etməli, nəşri ölkəmizə dair məlumatlarla zənginləşdirməlidir.

Akademik İsa Həbibbəyli yaxın günlərdə Şeyx Sədi Şirvaniyə həsr olunacaq konfransın keçiriləcəyini nəzərə çatdıraraq, tədbirdə maraqlı məruzələrin yer alacağını dedi. Qeyd etdi ki, İranda Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında təşkil ediləcək tədbirlər həm iki ölkə arasında əlaqələrin genişlənməsinə, həm də İslam dünyasında həmrəyliyin daha da güclənməsinə səbəb olacaq.

Alim 2 gün sonra Bakıda İran Mədəniyyət Mərkəzində keçiriləcək “Firdovsi günü” adlı tədbirlə bağlı məlumat verdi, burada AMEA alimlərinin də iştirak edəcəyini bildirdi.

Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək Əlyazmalar İnstitutunda 12 minə yaxın əlyazmanın yer aldığını diqqətə çatdırdı. O, institutda Farsdilli əlyazmaların tədqiqi şöbəsinin fəaliyyət göstərdiyini qeyd edərək, əlyazmaların bərpası istiqamətində görülən işləri yüksək qiymətləndirdi.

Sonra iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və ardıcıl birgə fəaliyyətin təşkili məqsədilə əməkdaşlıq müqaviləsinin imzalanması qərara alındı.

Tədbirin sonunda AMEA prezidenti və İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri bir-birinə xatirə hədiyyələri təqdim etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.