Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarlıq missiyası
13.05.2016 11:32
  • A-
  • A
  • A+

Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarlıq missiyası

Ölkələrin və xalqların tarixində və taleyində elə məqamlar olur ki, həmin çətin dövrlərdə yaranmış ağır siyasi-hərbi vəziyyət, ictimai-iqtisadi və mənəvi böhran Şekspirvari "ölüm, ya olum" sualını sərt şəkildə meydana qoyur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan belə bir gerçək sual qarşı­sın­da idi. AXCP-Müsavat hakimiyyəti ölkəmizi cəmiyyət həyatının bütün sahə­lə­rini əhatə edən dərin böhran vəziyyətinə çatdırmışdı. Sual açıq və aydın idi: "Ölüm, ya olum!" Heç şübhəsiz, hər hansı xalq həmin sual qarşısında qalarsa, nə qədər çətin olsa da, mütləq "qalım" qərarını verərdi. Azərbaycan xalqı da varlığını, ölkənin bütöv­lü­yünü, elan olunmuş müstəqilliyin qorunub saxlanılmasını arzu edirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Ölkədə vətəndaş müharibəsi başlamışdı və 1993-cü ilin yazında bu müharibənin səngərləri artıq Bakı şəhərinə yaxın mövqelərdə də qurulmaqda idi. Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı və artıq Talış-Muğan Respublikası özünü elan etmişdi. Əsgəri xidmətdə də olmamış mülki şəxs tərəfindən idarə edilən hərbi hissələr dövlətin deyil, hərəsi bir xarici dövlətə xidmət edən ayrı-ayrı siyasi qüv­və­lərin əlində cəmləşmişdi. İqtisadi böhran çox dərinləşmişdi, çörək növbələri ölkənin hər yerində adi hala çevrilmişdi. Xaricə ziyalı axını da genişlənirdi. Artıq dağılmış müfəqqəti eyforiya hisslərindən sonra AXCP-Müsavat liderlərinin populist çıxışları, boş vədləri xalq tərəfin­dən qəbul olunmurdu. Azərbaycanı qısa müddətdə bir neçə kiçik dövlətlərə parçalanmış Yuqoslaviyanın ağır taleyi gözləyirdi. Ölkəmizin geniş neft-qaz ehtiyatlarına malik olduğunu da nəzərə alsaq, onda Azərbaycana yönəldilmiş parçalanma siyasətinin xarici qüvvələrin maraqlarına daha çox uyğun gəldiyini daha aydın etmək olar. Bir sözlə, bütün sahələri bürüyən böhran dərinləşmiş, qurtuluş zərurəti Azərbaycanda qaçılmaz, kəskin bir problem kimi gündəmə gəlmişdi. Belə məsuliyyətli bir tarixi məqamda ölkəni və xalqı ya­ran­mış dərin və genişmiqyaslı böhrandan xilas etmək vəzifəsini üzərinə gö­tür­mək çox çətin və ağır bir iş idi. Azərbaycan xalqının ümummilli lideri, gör­kəm­li dövlət xadimi Heydər Əliyev tarixin bu cür keşməkeşli məqamında öl­kə­nin və dövlətin milli qurtuluşu vəzifəsini yerinə yetirmək, həyata keçirmək zərurəti ilə üz-üzə qalmış­dı. Bö­yük dövlətçilik təc­rü­bəsinə, yüksək liderlik qabiliyyətinə malik olan bu qüdrətli dövlət xa­diminin yenidən siyasi cəbhəyə qayıdışını təkcə xalq deyil, həm də Zaman tələb edirdi. Çətin sınaqlarda möhkəmlənmiş, zəngin siyasi təcrübəyə malik olan dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqı qarşısında həmin məs­uliyyətli tarixi vəzi­fə­ni qəbul etmiş, böyük xilaskarlıq missiyasını dönmədən, qətiyyətlə həyata keçirmişdir.

Məlum olduğu kimi, Heydər Əlirza oğlu Əliyev keçmiş Sovetlər İttifaqı kimi dünyanın ən böyük iki dövlətindən birinin əsas rəhbərlərinin sırasında ön­­də dayanırdı. Dünya ictimaiyyəti onu təcrübəli siyasi xadim və böyük döv­lət rəhbəri kimi qəbul etmişdi. Kremlin zirvəsini fəth etməyi bacarmış Heydər Əliyev beynəlxalq aləmdə geniş nüfuz sahibi idi. Siyasi Büroda da onunla he­sab­laşmalı olurdular. Beləliklə, Heydər Əliyev XX əsrin görkəmli dövlət xa­dim­lərindən biri kimi böyük şöhrət qazanmışdı.

Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu möhtəşəm əsərin möhkəm əsaslarını o, hələ keçmiş sovet hakimiyyəti illərindəki düşünülmüş siyasəti və məqsədyönlü fəaliyyəti ilə formalaşdırmışdı. Zəngin döv­lət­çilik təcrübəsinə və geniş dünyagörüşə malik dövlət xadimi olması, cəsarətli ide­ya­ları, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörənliyi hələ Azərbaycan Respublikasına rəhbər­li­yi­nin birinci dövründə Heydər Əliyevin siyasi liderlik istedadını Azərbaycan cəmiyyətinə və dünyaya təqdim etmişdi. Heydər Əliyev xalqımızın çoxəsrlik tarixində Azərbaycan adlı dövlət yaratmış nadir siyasi şəxsiyyətdir. Onun rəhbərliyi ilə qısa müddətdə ölkəmiz Sovetlər İttifa­qının inkişaf etmiş respublikalarından birinə çevrilmişdi. Bütün bunlara görə XX əsrin doxsanıncı illərinin əvvəllərində mürəkkəb və gərgin ictimai-siyasi şəraitdə Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevi qüdrətli xilaskar kimi siyasi mühitin ön mövqeyinə çəkmişdi.

Xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin və keşməkeşli tərcümeyi-halında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalış­dığı dövr (3 sentyabr 1991-14 iyun 1993-cü il) mühüm əhəmiyyətə malik­dir. Bu dövrdə o, çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Nax­çı­­van məktəbini yaratmışdır. Heydər Əliyevin Naxçıvan Muxtar Res­pub­li­kasında yaşadığı və Ali Məclisin Sədri vəzifəsində çalışdığı illərdə Naxçıvan öl­kə­mizdə müstəqil dövlətçiliyin böyük laboratoriyası funksiyasını həyata keçir­mişdir. Hələ Sovetlər İttifaqı dağıl­ma­mış və Azərbaycanda dövlət müstəqilliyi elan olunmamış, yeni müstəqil dövlətçiliyin bəyan edilməsindən 11 ay əvvəl 17 noyabr 1990-cı ildə üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul edil­mə­si səviyyəsində nadir hadisə məhz cəsarətli və uzaq­görən dövlət xadimi Heydər Əliyev tə­rə­findən Naxçıvanda, muxtar respublika Ali Sovetinin qərarı ilə həyata keçirilmişdi. Dünyada hələ ki, bu tarixi faktdan başqa müstəqil dövlət yaranmamış onun milli bayrağının qəbul edilməsi hadisəsinə təsadüf edilməmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublika­sı­nın adından "Sovet Sosialist" sözlərinin çıxarılması hadisəsi də məhz Heydər Əliyev tərəfindən Sovetlər İttifaqının mövcudluğu şəraitində hə­ya­ta keçiril­miş­di. Naxçıvan Muxtar Respublikasının Ali Soveti əvəzinə muxtar respublikanın Ali Məclisi formatının meydana çıxması da Hey­dər Əliyevin kamil siyasi düşüncəsinin mühüm hadisəsidir. Bundan başqa, Naxçıvan MR Ali Məclisi Sədrinin 16 dekabr 1991-ci il tarixli qərarı ilə Naxçı­van­da Dünya Azərbaycanlı­la­rı­nın Həmrəylik Gününün müəyyən olunması ilə dünyada azərbaycanlılar anlayışı meydana çıxmış və ge­niş bir hərə­ka­tın əsası qoyul­muş­dur. XX əsrin doxsanıncı illərinin əvvəl­lə­rin­də Naxçıvan Muxtar Respubli­ka­sının işğal olunmaqdan xilas edil­mə­si, ölkə­mi­zin ərazi bü­töv­lüyünün qorunub saxlanılması Heydər Əliyevin tarixi xidmət­lə­ri­n­dən biri­dir. Müstəqil Azərbay­canın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azər­baycan Partiyasının da Heydər Əliyev tərəfindən 21 noyabr 1992-ci il Naxçı­van­da yara­dılması ölkə­mizin milli istiqlalında böyük öndə­rin həyatı və fəaliyyətinin Naxçıvan döv­­rünün müstəsna dərəcədə əhəmiy­yətli olduğunu aşkar şəkildə nəzərə çarpdırır.

XX əsrin doxsanıncı illərinin əvvəllərinin Azərbaycan hakimiyyətini təm­sil edən AXCP-Müsavat hökuməti böhran içində çabalayanda üç tərəfdən Ermənistan sərhəddi ilə əhatə olunan Naxçıvanda həyat inkişaf edir, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsa­rət­li, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addım­la­rın ölkə miqyasında da atılmasını arzu və tələb edirdi. Görkəmli dövlət xa­dimi Heydər Əliyev çoxmilyonlu Azərbaycan xalqının böyük ümidlərinin dalğasında ikinci dəfə yenidən hakimiyyətə gəlmiş və bununla da ölkəmizdə milli qurtuluş hərəka­tı­nın bünöv­rəsi qoyulmuşdur. Beləliklə, 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev 3 oktyabr 1993-cü ildən başlayaraq ölkədə baş verən vətəndaş qarşıdurmasını dayandırmış və cəmiy­yət həyatının bütün sahələrini əhatə edən islahatları uğurla həyata keçirməklə geniş­miqyaslı böhranı qısa müddətdə aradan qaldırmışdır. Dünyanın aparıcı dövlətləri ilə imzalanan neft müqavilələri tarixə "Əsrin müqaviləsi" kimi daxil oldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin çəki­li­şi­nə veri­lən qərarlar Azərbaycan xalqının iqtisadi böhrandan xilas edilməsində əhəmiy­yətli hadisələrə çevrilmişdir. Dövlət hakimiyyəti, ordu quruculuğu möhkəm­lən­dirilmişdir. Qətiyyətlə demək olar ki, Heydər Əliyev müstəqillik dövründə Azər­baycan dövlətçilik təsisatlarının milli əsaslar üzərində yaradılmasının böyük memarı idi. Ümumxalq səsverməsi ilə 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqillik dövrünün Azərbaycan Konstitusiyası tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuşdur. Azərbaycanda təcrübəli mütəxəs­sis­lər, ziyalı-siyasətçilər, tanınmış elm və mədəniyyət xadimləri əsasında milli parla­men­tarizmin formalaşdırılması da Heydər Əliyevin xidmətləri sırasında xüsusi yer tutur. Heydər Əliyevin siyasi iradəsi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəm­lən­dirilməsi cəmiyyət həyatının inkişaf ritmlərinin ahəngdar­lı­ğının təmin edilməsində böyük rola malik hadisə idi. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının dünya ölkələri ilə normal əlaqələrinin qurulması, ölkənin xarici siyasət strategiyasının müəyyən olunması böyük dövlət xadiminin həm də mahir diplomatik bacarığının əməli ifadəsi idi. Geniş mənada Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda müstəqil dövlətçiliyin möhkəm əsasla­rının yaradılması milli qurtuluşun məntiqi yekunu və qanunauyğun nəticəsi kimi mühüm siyasi-tarixi hadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi Milli Qurtuluşdan yeni İntibaha çatdıran görkəmli dövlət xadimidir. Respublika­mız­da ulu öndər tərəfindən müəyyən olunmuş dövlətçilik kursunun qorunub saxlanılmasının, möhkəmləndirilməsinin və yaradıcılıqla daim inkişaf etdi­ril­məsinin təmin olunması dövlət başçısı İlham Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Məhz bu proses əvvəlki on il ərzində əsası qoyulmuş, möhkəm tə­məl­­ləri atılmış böyük layihələrin uğurla tamamlanmasına, həmin zəmində yeni və daha möhtəşəm quruculuq proqramlarının hazırlanıb həyata keçirilməsinə şə­ra­it yaratmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region­la­rının inkişafı, qeyri-neft sektorunun, turizmin inkişaf etdirilməsi və Bakı ətrafı qəsəbələrin yenidən qurulması proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi ölkəmizin simasını tanınmaz dərəcədə dəyişdirmişdir. Aparılan məqsədyönlü və möhtəşəm quruculuq prosesi paytaxtımız Bakını dün­yanın müasir şəhərləri sırasına çıxarmışdır. Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqe­lə­ri daha da genişlənmiş və möhkəmləndirilmiş, ölkəmizin tərəfdaşları və dost­la­rı çoxalmışdır. Başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya Dəmir İpək Yolu ünvanı qa­zanmışdır. Azərbaycanın böyük intibah prosesləri üçün zəruri olan tranzit ölkəyə çevrilməsi bu qədim və həmişəcavan diyarda siyasi düşüncələrin, elmi fi­kir­lərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərt­lən­dirmişdir. Mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycanda təmin edilməsi, bu istiqamətdə təşkil edilmiş beynəlxalq tədbirlər Azərbaycanı ölkədə yaşayan bütün xalqları, etnik qrupları, dini icmaları özündə birləşdirən multikultural və tolerant cəmiyyətin formalaşmasını şərtləndirmişdir. Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı il tarixdə Bakı şəhərində keçirilmiş 7-ci Qlobal Forumundakı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində ifadə olunmuş aşağıdakı fikirlər multikulturalizm və tolerantlıq sahəsində aparılmış məqsədyönlü işlərin ümumiləşmiş məntiqi yekunudur: “Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və konfessiyalı ölkədir... Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik... Bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır... Multikulturalizmin alternativi yoxdur.”

Ölkəmizdə Azərbaycançılıq məfkurəsi dərinləşmiş, milli ideologiya formalaş­dı­rıl­mışdır. Azərbaycançılığın dövlət ideologiyası səviyyəsinə qaldırılması həm Azərbaycan xalqının, həm də dünya azərbaycanlılarının harmoniyasını təmin etməyə imkan yaradır. Milli mədəniyyətimiz, elmimiz və ədəbiyyatımız dünyada tanınmış və geniş təbliğ edilmişdir. Ölkə Prezidentinin Azərbaycan Milli Elm­lər Akade­mi­yasının, muzeylərin, teatrların və məktəblərin, səhiyyə müəssisə­lə­rinin yeni­dən qurulması, inkişaf etdirilməsi, ən müasir texnologiyaya əsaslanan avadanlıqlarla təchiz edilməsi istiqamətindəki ardıcıl fəaliyyəti xal­qın mə­nəvi varlığı və milli kimliyi ilə sıx bağlı olan bu sahələrin sıçrayışlı inki­şafına tə­kan vermişdir. Ölkədə milli və bəşəri dəyərləri özündə cəmləşdirən yeni ziyalı nəsli yetişib ərsəyə gəlmişdir. Bütün bunlara görə Azər­baycan Res­pub­likasının Prezidenti İlham Əliyev coğrafi ərazi etibarilə kiçik, strateji əhə­miy­yətinə və iqtisadi im­kanlarına görə güclü bir ölkənin böyük lideri, yeni dün­ya siyasətinin cəlbedici parlaq simala­rın­dan biri kimi dünyanın diqqət mərkəzində dayanır. Geniş dünya­görüş, dərin analitik təfəkkür, problemlərin həllinə çoxaspektli yanaşma, Azərbaycan idealına dərin sədaqət, inteqrasiya proses­lə­ri­nin tənzim­lən­məsinə milli mövqedən baxış ölkə Prezidentini xalqına və dün­ya­ya sevdirən əsas xa­rak­terik xüsusiy­yət­lərdir. Azərbaycan dövləti milli istiqlalını bu böyük enerjinin və tükənməz ilhamın gücü ilə inkişaf etdirmək yollarında ciddi uğur­lara imza atır.

Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikası da Milli Qurtulu­şun işığında böyük və şərəfli yol keçməkdədir. Ölkə rəhbərliyinin müəyyən etdiyi siyasətin zəminində Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun məq­sədyönlü rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı layihə­lər əsasında regionda davamlı ənənələrin qoru­nub saxlanılması şərti ilə Muxtar Respublika əsaslı şəkildə yenidən qurulmuşdur. Nax­çıvan Muxtar Respublikasını Türkiyə Cümhuriyyəti və İran İslam Respub­likası ilə əlaqə­lən­dirən yollar dünya standartlarının yeni örnək­lə­ridir. Qədimlik və müasirliyin işığında qurulub tikilmiş Naxçıvan şəhəri XXI əsrin intibah şəhərinin bənzərsiz simasını özündə cəmləşdirir. Ucqar dağ kənd­lərindən rayon mərkəzlərinədək hər yerdə gedən genişmiqyaslı quruculuq pro­ses­ləri məmlə­kətimizin müasir tipli abad bir regionunun yaradılması ilə nəticə­lənmişdir. Artıq Naxçıvan Muxtar Respublikası ölkəmizin yeni tipli məktəb­lə­rinə, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış tor­pağı əkilib-becərilən kənd təsərrüfatına malik olan inkişaf etmiş regionudur. Milli-tarixi ənənələrin yaşadılmasında və inkişaf etdirilməsinə də qədim Naxçıvan özünün töhfə­lə­ri­ni verməkdə davam edir. Naxçıvanda Ali Məclis Sədrinin xüsusi sərən­cam­ları ilə keçirilən beynəlxalq simpoziumlarda Nuh dövrünün ilk insan məs­kən­lərin­dən, ilkin şəhərsalmadan sonrakı dövrlərin tarixi nailiyyətlərinə, siyasi-ədəbi və maarifçi şəxsiyyətlərinə qədər ümummilli məsələləri əhatə edən prob­lemlərin müzakirəsi geniş mənada ölkəmizin tarixinin, mədəni inkişafının öyrə­nil­məsinə qiymətli əlavələrdir. Azərbaycan Milli Elmlər Akademiyasının Nax­çıvan Böl­mə­sinin və Naxçıvan Dövlət Universitetinin sürətlə inkişaf et­di­ril­­­mə­si sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər Muxtar Respub­li­kanın Azər­baycanın əsas ziyalı mərkəzlərindən biri səviyyəsində inkişaf etdiril­məsinə mün­bit şərait yaradır. Qonşu dövlətlərlə əlaqələr sahəsində qazanılmış nailiy­­yətlər Naxçı­va­nın respublikamızın beynəlxalq əlaqələrinin genişləndiril­məsinə və daha da möhkəmləndirilməsinə xidmətinin əməli ifadəsidir.

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi böyük xilaskarlıq missiyasını 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi ilə ölkə miq­ya­sında ardıcıllıqla və qətiyyətlə yerinə yetirməyə başlamışdır. Məhz Heydər Əliyevin apardığı məqsədyönlü və qətiyyətli mübarizənin nəticəsində Gəncə qiyamı yatırılmış, Talış-Muğan Respublikası tərksilah edilib ləğv olunmuşdur. Vətəndaş müharibəsi dayandırılmış, qardaş qırğını aradan qaldırılmışdır. Ölkə vətəndaşlarında olan qanunsuz silahlar yığışdırılmış, silahlı dəstələr tərksilah edilmişdir. Dövlət çevrilişi cəhdləri qətiyyətlə aradan qaldırılmışdır. Ordu quru­cu­luğu prosesi sürətləndirilmişdir. Beləliklə, sözün böyük mə­na­sında müstəqil Azərbayan dövləti parçalanmaqdan xilas edilmişdir. Ona görə də görkəmli döv­lət xa­di­mi Heydər Əliyev Azərbaycan xalqının və müstəqil dövlətinin qüd­rət­li xilaskarıdır. Həqi­qətən, 15 iyun 1993-cü il hadisəsi ilə Azərbaycanda bö­yük qurtuluş baş ver­miş­dir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda Böyük qurtuluşun ba­ni­si­dir. Böyük Qurtuluş ölkəmizin xilasının etibarlı tə­minatı və möhkəm təməlidir. Əs­lində Azərbaycanda müstəqil dövlətin böyük təməlləri Böyük Qur­tuluşla atıl­­­mış­­dır. Böyük Qurtuluş müstəqil Azərbaycanın böyük dayağıdır. Heydər Əli­­ye­vin müstəqil dövlətçilik təliminin həm başlanğıc mərhələdəki mübarizələri, həm də gələcək böyük mübarizələr üçün ilhamverici və hərəkətverici qüvvəsi Böyük Qurtuluşdan iba­­­rət­­dir. Böyük Qurtuluş isə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana Böyük Qa­yı­dışından doğmuşdur. Vətənə Böyük Qayıdış ölkənin xilasının siyasi-ideo­lo­ji əsasından, mükəmməl təcrübələrindən, Böyük Qurtuluş isə xilaskarlıq hərəkatının xalq və dövlət səviy­yə­sin­də geniş miqyasda, qətiyyətlə və ardıcıllıqla həyata keçiril­mə­sin­­dən yoğ­rul­muşdur. Böyük Qayıdış Böyük Qurtuluşun mükəmməl laborato­ri­yası, böyük təməlidir. Bö­yük Qurtuluş isə milli dövlətçilik təliminin startıdır. Ona görə də haqlı ola­raq 15 iyun Böyük Qurtuluş günü həm də Milli Qurtuluş günü kimi qeyd olunur.

İnkişaf etmiş müstəqil Azərbaycan Böyük Qayıdışın və Milli Qurtuluşun bö­­yük bəhrəsidir. Artıq müstəqil Azərbaycan Böyük Quruculuq ölkəsidir. Azər­­baycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, məqsəd­yön­­lü, ardıcıl fəaliyyəti ilə özünün yüksək inkişaf səviyyəsinə görə ərazi etiba­ri­lə kiçik Azərbaycan dünyanın böyük dövlətlərinin cərgəsinə çıxarılmışdır. Trans­qafqaz əhəmiyyətli bütün böyük layihələrin demək olar ki, hamısının əsas müəllifi, baş memarı Azərbaycandır. Bu, böyük layihələrin iştirakçıları bizim müttəfiqlərimiz, dost­­­la­rımız, tərəfdarlarımızdırlar. Dövlət başçısı səviyyəsində beynəlxalq miq­yas­da həyata keçirilən və Azərbaycanda cəmiyyət həyatının bütün sahələ­ri­ni əha­tə edən genişmiqyaslı islahatların, komp­leks proqramların əsasında müs­təqil Azərbaycan dövlətinin tərəfdarları art­mış, beynəlxalq nüfuzu çox yüksəlmişdir. Azərbaycan Respublikasının Bir­ləş­miş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi Böyük Qa­yı­­­dışın və Milli Qurtuluşun böyük təntənəsidir. Geniş mənada bütün yönləri ilə inkişaf etmiş Azərbaycan dövləti Böyük Qurtuluşdan doğan müstəqil ölkə­dir. Azərbaycanın tərkibində xüsusi inkişaf yolu keçmiş Naxçıvan Muxtar Res­­­publikası Böyük Qayıdışın vətəni, Böyük Qurtuluşun etibarlı dayağıdır. Böyük Qur­­­­tuluşdan Azərbaycan Respublikasının böyük gələcəyinə günəş doğur.

Bütövlükdə Azərbaycan Respublikası ulu öndər, görkəmli dövlət xadi­mi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçir­miş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıq­larına uyğun şəkildə yaradıcılıqla inkişaf etdi­rə­rək ha­zırda böyük sabahlara doğru qətiyyətlə addımlayır. Milli qurtuluşdan baş­lanan yollar böyüyür, genişlənir və sürətlə inkişaf edir. Milli Qurtuluş – milli dir­çə­li­şin, azərbaycançılıq məfkurəsinin möh­kəm və etibarlı bünövrəsi kimi böyük gələcəyə yol açır. Bu mənada Milli Qur­tuluş – müstəqil Azərbaycanın milli oyanışının doğan günə­şidir. İnki­şaf et­miş müs­­təqil Azər­baycan milli Qurtuluşun parlaq nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atdığı qətiyyətli və düşünülmüş addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirmişdir. Məqsədyönlü dövlət siyasəti Azərbaycanı nəinki dünyada tanıtmış, beynəlxalq miqyasda müasir inkişafın və birgəyaşayışın nümunəsi olan bir ölkə səviyyəsinə qaldırmışdır. Bu gün Azərbaycan  möhkəm sabitlik və hərtərəfli inkişaf üstündə qurulmuş və inkişaf etmiş ölkə kimi tarixi yolunu inamla davam etdirir.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

“Səs” qəzeti, 10 may 2016-cı il

 

  • Paylaş: