Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.05.2016 17:08
  • A-
  • A
  • A+

Azərbaycan Bəstəkarlar İttifaqında AMEA prezidenti ilə görüş keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında AMEA prezidenti ilə görüş keçirilib

Mayın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Müasirlərlə dialoq” layihəsi çərçivəsində AMEA prezidenti, akademik Akif Əlizadə ilə “Ölkəmizin intellektual potensialının inkişafında Heydər Əliyevin rolu” mövzusunda görüş keçirilib.

Görüşdə ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə rəhbərlik etdiyi qurumun AMEA ilə əməkdaşlığından, akademik Akif Əlizadənin elmi fəaliyyətindən söz açıb, ölkəmizdə geologiya elminin inkişafında görkəmli alimin xidmətlərini yüksək dəyərləndirib.

Elmlə mədəniyyətin qarşılıqlı əlaqəsindən söz açan F.Əlizadə AMEA-da muğamşünaslıq bölməsinin yaradılmasının hər iki qurum arasında əməkdaşlığın inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirib. O, müxtəlif sahələrdə çalışan alimlərimizin elmi fəaliyyətlərinin öyrənilməsində bu cür görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Akademik A.Əlizadə AMEA-nın, Azərbaycan elminin, mədəniyyətinin və incəsənətinin inkişafında və dünyada təbliğ olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb. Bildirilib ki, ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Ulu Öndər bu sahələrin hərtərəfli inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb, Azərbaycan elminin dünya elminə inteqrasiyasına böyük önəm verib.

AMEA-nın bugünkü fəaliyyətində müdrik siyasətçi Heydər Əliyevin böyük xidmətlərindən söz açan akademik A.Əlizadə bildirib ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və elmimizin yeni inkişaf mərhələsi başlanıb. Qeyd edilib ki, AMEA-nın inkişafının böyük bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyevin Azərbaycan elminin işıqlı gələcəyinə yönəlmiş ideyaları, amalları bu gün akademiyada müxtəlif sahələrdə uğurla davam etdirilir.

Akademik diqqətə çatdırıb ki, görkəmli dövlət xadimi hər zaman ölkəmizin intellektual potensialının inkişafına, azərbaycanlı gənclərin xaricdə təhsil almalarına böyük önəm verib. Müdrik rəhbər Heydər Əliyevin uzaqgörən siyasəti və təşəbbüsü ilə çoxlu azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilib. Hazırda bu kadrların əksəriyyəti ölkəmizin müxtəlif dövlət qurumlarında fəaliyyətlərini uğurla davam etdirirlər.

Qeyd edilib ki, Ulu Öndər ölkəmizdə daim elmin, mədəniyyətin, incəsənətin inkişafına böyük diqqət və qayğı göstərib. Mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq fəxri adlara, yüksək mükafatlara layiq görülüblər.

Akademik A.Əlizadə ölkəmizdə və xaricdə Azərbaycan musiqisinin uğurla təmsil olunmasında ABİ-nin və professor F.Əlizadənin xidmətlərini yüksək dəyərləndirib, bu qurum ilə akademiyanın səmərəli əməkdaşlığını xüsusi qeyd edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son illər akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyada müxtəlif sahələrdə aparılan islahatlardan, bu qurumun dünyanın aparıcı elmi müəssisələri ilə beynəlxalq əlaqələrindən söz açıb, Azərbaycan elminin dünyaya inteqrasiyası barədə məlumat verib

İ.Həbibbəyli ABİ-də təşkil olunan, akademiyanın tarixində, onun prezidentləri sırasında ilk dəfə akademik Akif Əlizadə ilə keçirilən bu görüşün əhəmiyyətini xüsusi qeyd edib. AMEA-nın və ölkəmizdə geologiya elminin inkişafında görkəmli alimin xidmətlərini yüksək qiymətlndirib.

Müzakirələrlə davam edən görüşdə akademik A.Əlizadə sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: