Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev - 70
12.05.2016 16:02
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev - 70

Neft və qaz quyularının qazılması sahəsində tanınmış alim, AMEA Geologiya və Geofizika İnstitutunun Quyuların qazılması texnologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Qalib Əfəndiyevin anadan olmasının 70, elmi fəaliyyətinin 46 ili tamam olmuşdur.

Qalib Əfəndiyev 9 may 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mexanika fakültəsini neft və qaz mədənlərinin maşın və avadanlıqları ixtisası üzrə bitirmişdir.

Q.Əfəndiyev 1985-ci ildə “Dağ süxurlarının xassələrini nəzərə almaqla kəsici tipli baltaların rasional seçimi yolu ilə işinin səmərəliliyinin artırılması” mövzusunda fəlsəfə doktoru, 1997-ci ildə isə “Dağ süxurlarının qazılması prosesinin səmərəliliyinin artırılması və xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleks istifadəsinin elmi əsasları” mövzusunda elmlər doktoru elmi dərəcələrini, 2010-cu ildə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 

1970-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, Qazımada geoloji-texnoloji proqnozlaşdırma sektorunun rəhbəri vəzifələrində çalışmış, 1996-cı ildən Quyuların qazılmasının geoloji şəraiti şöbəsinin rəhbəri olmuşdur. 2009-cu ildən AMEA-nın Geologiya və Geofizika İnstitutunda Quyuların qazılması texnologiyası şöbəsinin rəhbəridir. Q.Əfəndiyev Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Neft və qaz quyularınm qazılması kafedrasının professoru olmaqla bərabər, elmi və pedaqoji fəaliyyətini də davam etdirir.

Alimin elmi fəaliyyəti əsasən quyuların qazılması zamanı optimal qərarların qəbulu, qazıma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi, dağ süxurlarının dağıdılması prosesləri və süxurdağıdıcı alətin işi, quyulann qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdınlması və qarşısının alınması, neft hasilatının intensivləşdirilməsi üzrə müxtəlif geoloji-texniki tədbirlərin müqayisəli səmərəliliyinin təhlili və qərarların qəbulu ilə bağlıdır.

Q.Əfəndiyev AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası), “Azərbaycan Neft Təsərrüfatı” jurnallarının redaksiya heyətlərinin, Moskvada nəşr olunan “Управление качеством нефтегазового комплекса” jurnalının redaksiya şurasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorluq dissertasiyalarının müdafiəsi üzrə şuranın üzvüdür.

190-dan artıq elmi əsərin müəllifıdir. İxtira və patentlərə görə 5 müəlliflik şəhadətnaməsi və patent alıb. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 16 nəfər fəlsəfə doktoru və bir nəfər elmlər doktoru hazırlanmışdır.

Q.Əfəndiyev təbiət və cəmiyyət barədə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, “Lütfi-Zadənin irsi və süni intellekt” Assosiasiyasının, eləcə də  Qazımaçılar Assosiasiyasının üzvüdür. O, Atırau (Qazağıstan)  Neft-Qaz  İnstitutunun Fəxri professorudur. Q.Əfəndiyev Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyinin medalı, Qazaxıstan Respublikasının Energetika və Mineral Ehtiyyatlar Nazirliyinin “Fəxri fərman”ı ilə təltif olunub.

Tanınmış elm mücahidini 70 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzu edirik.

Fəxrəddin Qədirov, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: