Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Heydər Əliyev və Azərbaycan elminin inkişafı
11.05.2016 10:44
  • A-
  • A
  • A+

Heydər Əliyev və Azərbaycan elminin inkişafı

Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir.

Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir.

Azərbaycan cəmiyyəti, eləcə də Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin, Elmlər Akademiyasının ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz ulu öndərin adı ilə bağlı idi. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Heydər Əliyevin özünün qeyd etdiyi kimi, akademiyanın əlli ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi.

Ümummilli lider dünyada tanınan və qəbul edilən görkəmli siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də böyük bir elm adamı idi. Onun müdrik siyasətinin uzaqgörənliyi və dərinliyi məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala arxalanmasında idi. Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstək elə bundan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü.

Heydər Əliyev respublikamıza rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, ona daim qayğı göstərmiş, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir. O, avqust (1969) plenumunda respublika elminin inkişafında yaranmış vəziyyətdən narahat olaraq demişdir: “Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər... Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir... Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər...”.

Azərbaycan aliminə və elminə elə ilk gündən yüksək qayğı göstərən Heydər Əliyev bu sahədəki fəaliyyətini də ardıcıl və sistemli şəkildə həyata keçirirdi. Onun diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərinin sayı artır, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı, Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, elm adamlarına yaradıcılıq şəraiti yaradılır, görkəmli alimlərin fəaliyyətləri təqdir olunur, onlar mükafatlandırılırdı, Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilirdi və s.

Ümummilli lider Azərbaycanı ölkə elminin mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Bu sahədə onun fəaliyyəti kifayət qədər uğurlu idi. Əgər 1969-cu ildə Azərbaycanda fəaliyyət göstərən 89 elmi-tədqiqat institutlarında, digər layihə müəssisələri və problem laboratoriyalarında 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzvü, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlər 100 nəfərə, elmlər doktorları 853, elmlər namizədlərinin sayı 7594 nəfərə çatmışdı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda elmi işçilərin sayı artır, alimlərin hazırlanmasına xüsusi diqqət verilirdi. 1970–1980-ci illərdə respublikamızda 258 elmlər doktoru, 2677 elmlər namizədi hazırlanmışdı. Respublika Elmlər Akademiyasının 56 həqiqi üzvü və 71 müxbir üzvü var idi. 123 elmi idarə və 17 ali məktəbin kafedralarında 22 min elmi əməkdaş, o cümlədən 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı.

Keçən əsrin 70–80-ci illərində yeni elm sahələrinin, elmi istiqamətlərin yaranması respublikamızda elmin inkişafına çox müsbət təsir göstərmişdi. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə kimya, neft emalı və neft-kimya sənayesinə kapital qoyuluşu artırılmış, bu sahədə ən qabaqcıl texnologiya tətbiq olunmuşdur. Neft-kimya sənayesi modernləşdirilmiş və yenidən qurulmuşdur. Astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya kimi sahələr inkişaf etdirilmişdi. Ulu öndərin uzaqgörənliyi ilə Azərbaycanda onlarla nəhəng sənaye kompleksi-neft emalı, neft-kimya, maşınqayırma, cihazqayırma müəssisələri yaradıldı ki, bunlar da elmin sürətli inkişafını təmin etdi.

Heydər Əliyev respublika alimlərini və elmi idarələrin rəhbərlərini elmin ən müasir sahələri üzrə elmi-tədqiqat işlərinin aparılmasına yönəldirdi. Bilavasitə bu dahi insanın himayəsi altında ölkəmizdə elmin ən perspektivli sahələri üzrə elmi-tədqiqat işləri aparılırdı. Təkcə 1979-cu ildə təbiət və ictimai elmlər sahəsində respublikada aparılan elmi-tədqiqatların 55 nəticəsi sovet elminin ən mühüm nailiyyətləri sırasında qeyd edilmişdi. 70-80-ci illərdə – 10 il ərzində Elmlər Akademiyası alimlərinin tədqiqatlarının istehsalata tətbiqi nəticəsində əldə edilən iqtisadi səmərə 570 milyon manatdan çox olmuş, 1000-dən çox müəlliflik şəhadətnaməsi almışlar. 1970-1985-ci illərdə iqtisadi səmərəyə malik 850-yə yaxın iş xalq təsərrüfatında tətbiq edilmiş, 2280 elmi, elmi-tədqiqat və xalq təsərrüfatı əhəmiyyətli nəticə alınmışdı.

Xalqımızın mənəvi həyatında əlamətdar hadisə olan çoxəsrlik tariximizdə ilk universal-milli on cildlik Azərbaycan Ensiklopediyasının meydana gəlməsi də Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu ensiklopediya Heydər Əliyev dövrünün təkzibedilməz mənəvi abidəsidir.

Elmə dövlət qayğısının artmasının göstəricisindən biri də bu illərdə Elmlər Akademiyasının bir çox elmi-tədqiqat institutları, digər qurumları üçün yeni inzibati binaların, korpusların tikilməsi və yenidən qurulmasından ibarət olmuşdur. Bu tikililərin arasında genetika və seleksiya, zoologiya, aşqarlar kimyası institutlarının binalarını, aspirantura yataqxanasını, bir sıra mühəndis-laboratoriya korpuslarını göstərmək olar.

Ümummilli lider bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə humanitar elmlərə yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. Öz xalqını və dilini dərindən sevən Heydər Əliyev rəhbərliyə gəldiyi ilk günlərdən başlayaraq, respublika iqtisadiyyatı və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan dilinin fəaliyyət dairəsinin genişlənməsi və inkişafına da daima diqqət yetirmişdi. Ulu öndərin hakimiyyəti illərində Azərbaycan dilinə, Azərbaycan tarixinə, mədəniyyətinə dair elmi-tədqiqatların aparılması və monoqrafiyaların nəşri xeyli artırıldı. Yeni-yeni əsərlər yazılaraq nəşr edilirdi. Azərbaycan tarixi və dilçilik sahəsində yazılmış bir sıra əsərlərə dövlət mükafatları verilirdi.

Keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlləri Azərbaycan üçün ən çətin, ağır dövrə çevrildi. Həmin illərdə mövcud hadisələrin müharibə alovunun fonunda Azərbaycan elminə də ciddi zərbələr vurulmuşdur. Bütün sahələrdə olduğu kimi, elm sahəsində də durğunluq hökm sürürdü.

1993-cü il Azərbaycan tarixində, müstəqil dövlətçilik tariximizdə, respublikamızın ictimai-siyasi fikir tarixində dönüş ili kimi yadda qalmışdır. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elmə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərmişdi. Heydər Əliyev hələ Azərbaycan prezidenti seçilməzdən əvvəl ziyalılarla ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında keçirmişdir ki, bunu da yalnız ölkə rəhbərimizin alimlərə bəslədiyi böyük ehtiram, Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqətlə izah etmək olardı. Bu, həm də ölkəni 1993-cü ilin iyununadək idarə etmiş səriştəsiz insanların respublikada elm adamlarına münasibətdə yol verdikləri ədalətsizliklərdən irəli gələn narahatlıqlarla bağlı idi.

Elə həmin görüşdə Heydər Əliyev belə narahatlıqların tamamilə əsassız olduğunu və yalnız naqis adamların təxəyyülünün məhsulu olduğunu cəsarətlə ifşa edərək demişdi: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir.

Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Əmin ola bilərsiniz ki. Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir".

Xalq 1993-cü ildə Heydər Əliyevi Azərbaycanın xilaskarı kimi ikinci dəfə hakimiyyətə gətirdi. Azərbaycan dövləti parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, Bu, eyni zamanda, Azərbaycan elminin xilası demək idi. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ziyalıya, alimə və elmə hörməti də geri qaytardı.

Elmlər Akademiyasının bağlanacağı haqqında söz-söhbətlər hələ də dolaşmaqda idi. Lakin Heydər Əliyev müdrikliyi buna son qoydu. 1997-ci il yanvarın 31-də Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan Elmlər Akademiyası rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləmiş, Azərbaycanda elmi inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdi. Bu görüş Azərbaycan elminin və Elmlər Akademiyasının tarixində böyük əhəmiyyət kəsb etməklə elmimizin nüfuzunu yenidən artırdı, onun cəmiyyətdəki rolu və mövqeyini möhkəmləndirdi. Akademiyanın cəmiyyətdə yeri və rolundan bəhs edən ulu öndər dedi: “Elmlər Akademiyasına keçmiş illərdə də və son illərdə də mənim hörmətim və diqqətim, qayğım olmuşdur. Ancaq, hesab edirəm ki, bizim elmimizə, xüsusən Elmlər Akademiyasına qayğı, diqqət daha da artıq olmalıdır. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Biz bununla fəxr edirik. Bir şeyi bilməlisiniz ki, bu mənim fikrimdir - Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir. Azərbaycan dövlətinin ən yüksək elmi müəssisəsi Elmlər Akademiyasıdır. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq, heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz. Azərbaycan Elmlər Akademiyası dövlətin akademiyasıdır. Prezidentin birbaşa himayəsi altındadır, tabeliyindədir və Prezidentin qarşısında cavabdehdir. Bir daha bunu deməyə məcburam ki, Azərbaycan Respublikasının müstəqil Elmlər Akademiyası Azərbaycanın ən yüksək elmi müəssisəsi, elmi təşkilatıdır...”

Çox çətin vəziyyətlərlə qarşılaşan, nəinki durğunluq, həm də tənəzzül dövrü keçirən Azərbaycan Elmlər Akademiyası üçün 1997-ci il yanvarın 31-i yeni mərhələnin başlanğıcı oldu. Ümummilli lider bu tarixi nitqi ilə Azərbaycan Elmlər Akademiyasına ikinci bir həyat verdi. Heydər Əliyevin akademiyadakı görüşü Azərbaycan elminin və Elmlər Akademiyasının tarixində böyük əhəmiyyət kəsb etməklə elmimizin nüfuzunu yenidən artırdı, onun cəmiyyətdəki rolu və mövqeyini möhkəmləndirdi.

Akademiya rəhbərliyi Prezidentimizin tövsiyələrini rəhbər tutaraq Elmlər Akademiyasında islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi idarə və elmi xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə bir sıra qərarlar qəbul etdi və tədbirlər həyata keçirdi.

Müstəqil dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafında elmin mühüm rolu vardır. Bunu uzaqgörənliklə nəzərə alan ölkə başçısı elmin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması, elmi-texniki potensialın qorunub saxlanılması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etdi. Prezident Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə respublika Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verildi.

Akademiyanın həqiqi və müxbir üzvlərinin sayı artırıldı. 2001-ci ilin iyun ayında Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin seçkiləri keçirildi. Akademiyanın bütün işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artırıldı.

2002-ci ildə dövlət başçısı Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq, AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərəncam imzaladı. Naxçıvanda bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə Heydər Əliyev blokada şəraitində yaşayan bu qədim Azərbaycan diyarının hərtərəfli öyrənilməsinə daha çox ehtiyac duyulduğunu qeyd etdi, bu sahədə genişmiqyaslı tədqiqatların aparılması üçün müəyyən göstərişlər verdi.

Dövlətimizin başçısı 2003-cü il yanvarın 4-də Milli Elmlər Akademiyasının respublikada elmin inkişafını təşkil və təmin etdiyini, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirdiyini, elmi müəssisə və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirdiyini və istiqamətləndirdiyini, respublikamızı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil etdiyini nəzərə alaraq xüsusi fərman imzaladı. Həmin fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi, prezidentinin vəzifəsi, səlahiyyətləri müəyyən edilirdi.

Azərbaycan elmi və elm adamları ümummilli lider Heydər Əliyevin qayğısı və himayəsi sayəsində inkişaf etmiş və formalaşmışdır. Akademiya üçün ən çətin vaxtlarda belə ulu öndər akademiyanı qorumuş və inkişaf etdirmişdir. “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq”, - deyən Heydər Əliyev bununla akademiyaya öz münasibətini bəyan etmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttini, müəyyənləşdirdiyi siyasəti inamla və uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyini məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamışdır. Möhtərəm Prezident İlham Əliyevin 2010-cu ildə AMEA-nın illik yığıncağında iştirakı və alimlər qarşısında dərin məzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələr verməsi, habelə akademiyanın binası ətrafında aparılan yenidənqurma, abadlıq işləri ilə yaxından tanış olması bu sahəyə dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir. Prezident İlham Əliyev proqram xarakterli nitqində Azərbaycanın inkişafında elmin rolunu bir daha xüsusi diqqətə çəkmişdir: “Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük verir. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir”.

Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

İsmayıl Hacıyev, AMEA Naxçıvan Bölməsinin rəhbəri, akademik

"Azərbaycan" qəzeti, 11 may 2016-cı il

  • Paylaş: